Zərdab rayonunda kənd yolunun bərbad vəziyyəti narazılığa səbəb olur -VİDEO
Zərdab rayonunun Şahhüseynli kəndinə aparan təqribən 4-5 kilometr uzunluğundakı yolun yararsız vəziyyətdə olması kənd sakinlərinin ciddi narahatçılığına səbəb olur.
Patrulaz.az-a müraciət edən kənd sakinləri bildirirlər ki, sözügedən yol heç zaman asfalt örtüyü ilə təmin olunmayıb. Yolun çınqıllı və çalalarla dolu olması səbəbindən hərəkət məhdudlaşır, xüsusilə yağışlı havalarda keçilməz hala düşür. Bu isə həm gündəlik gediş-gəlişə, həm də fövqəladə hallarda operativliyin təmin olunmasına maneə yaradır.
Sakinlərin sözlərinə görə, təcili tibbi yardıma və ya digər təxirəsalınmaz xidmətlərə ehtiyac olduğu hallarda müvafiq nəqliyyat vasitələrinin kəndə daxil olması olduqca çətinləşir. Nəticədə, vətəndaşların sağlamlığı və təhlükəsizliyi risk altına düşür.
Bundan əlavə, bu yoldan gündəlik istifadə edən kənd camaatının şəxsi nəqliyyat vasitələri də tez-tez sıradan çıxır. Yolun yararsız olması avtomobil təmiri üçün əlavə xərclər yaradır və ailə büdcəsinə mənfi təsir göstərir.
Kənd sakinləri aidiyyəti qurumlardan bu məsələyə diqqət ayırmağı və yolun asfaltlanmasını təmin etməyi xahiş edirlər. Onlar hesab edirlər ki, bu cür infrastruktur problemləri regionların sosial-iqtisadi inkişafına mane olur və əhalinin rifah halını aşağı salır.
Səməndər Niftəliyev






