media-da776680-ab78-4c5f-b189-dfb744a5eb50

Bakının əsas nəqliyyat arteriyalarından biri olan Ziya Bünyadov prospekti ilə Baksol yolunun kəsişməsində ciddi təhlükə yaranıb.

Patrulaz.az xəbər verir ki, yolun həmin hissəsində asfalt örtüyü çöküb və ərazidə iri ölçülü çala əmələ gəlib. Ərazidən keçən vətəndaşlar potensial qəza riskini azaltmaq məqsədilə çökən hissənin qarşısına müxtəlif əşyalar yerləşdiriblər.

Görüntülərdə aydın görünür ki, avtomobil sürücüləri bu təhlükəli hissəyə yaxınlaşarkən ani manevrlər etməyə məcbur qalırlar. Bu isə istənilən an qəza ilə nəticələnə bilər.

Qeyd edək ki, bir neçə gün öncə də Baksol adlanan ərazidə oxşar təhlükəli vəziyyət insan itkisinə səbəb olmuşdu. Belə ki, həmin ərazidə 33 yaşlı Çümşüd Cümşüdov adlı şəxs kanalizasiya quyusuna düşərək həyatını itirmişdi. Hadisə cəmiyyət arasında geniş rezonans doğurmuş, məsul qurumların səhlənkarlığı ilə bağlı ciddi suallar yaratmışdı.

Hazırda Ziya Bünyadov prospektində yaranan bu vəziyyət də oxşar faciənin təkrarlanma ehtimalını artırır. Sakinlər aidiyyəti qurumları dərhal tədbir görməyə çağırır.


Bənzər xəbərlər