133 sərnişin ölümün pəncəsindən döndü! - DƏHŞƏTLİ ANLAR
Tailandın Phuket Beynəlxalq Hava Limanında Hindistana məxsus sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində hava limanının fəaliyyəti müvəqqəti olaraq iflic olub.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Hindistanın Haydarabad şəhərindən uçan “Air India Express” aviaşirkətinə məxsus təyyarə eniş zamanı ciddi texniki qəza ilə üzləşib.
Məlumata görə, zərbənin təsirindən hava gəmisinin şassi sistemi tamamilə sıradan çıxıb və təyyarə uçuş-enmə zolağında hərəkətsiz qalıb.
Xoşbəxtlikdən hadisə zamanı təyyarənin göyərtəsində olan 133 sərnişindən heçbiri xəsarət almayıb. Onlar operativ şəkildə təxliyə ediliblər.
Qəzalı təyyarənin uçuş-enmə zolağını bloklaması səbəbindən liman həm gediş, həm də gəliş reysləri üçün bağlanıb.
Hadisə artıq onlarla beynəlxalq uçuşun qrafikinə ciddi təsir göstərib. Hazırda Yekaterinburq, Moskva və Kazan istiqamətindəki reyslər daxil olmaqla, bir çox uçuşun 5-7 saat intervalında gecikəcəyi gözlənilir. Bir sıra təyyarələr isə alternativ hava limanlarına yönləndirilib.
Ən qorxulu məqam isə qəzalı eniş edən təyyarəyə doğru başqa bir təyyarənin də yaxınlaşması olub. Hadisə zamanı eniş zolağında yaranan xaos ikinci təyyarə ilə toqquşma riski yaranıb. Lakin digər təyyarənin pilotu yüksək peşəkarlıq və soyuqqanlılıq nümayiş etdirərək son anda sürəti azaldıb və mümkün toqquşmanın qarşısını alıb.
Qeyd edək ki, zolağın təmizlənməsi və yenidən istifadəyə verilməsi yerli vaxtla saat 18:00-dan tez mümkün olmayacaq.






