"Bloqerlərə, tiktokerlərə, “vətəndaş jurnalistikası” adı altında yanaşma sərgiləmək doğru deyil" - Akif Aşırlı
“Təbii ki, 151 il əvvəl müxtəlif tarixi şəraitdə və mühitdə Həsən bəy Zərdabi “Əkinçi” qəzetini yaratdı. Həmin dövrdə Qafqazda, ümumiyyətlə, Rusiya müsəlmanları və türkləri arasında qəzetçilik işi, jurnalistika sistemi yox idi. Bununla belə, Həsən bəy Zərdabi “Əkinçi” qəzetində qəzetçilik prinsiplərini ortaya qoya bildi və özündən sonra böyük bir məktəb yaratdı”.
Bu fikirləri Azərbaycan Respublikasının Əməkdar jurnalisti, “Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı Patrul.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, mətn yazmaq, xəbər hazırlamaq və maarifləndirmək proseslərinin texnologiyanın inkişafı ilə necə dəyişdiyini qısa şəkildə müqayisə etmək bir qədər çətindir:
“Təkcə ona görə çətindir ki, “Əkinçi”dən uzun müddət sonra, 1926-cı ildə Azərbaycanda radio yarandı, daha sonra televiziya fəaliyyətə başladı. Uzun müddət televiziya və radio xəbər istehsalında hökmranlıq etdi. Eyni zamanda qəzetlər də fəaliyyət göstərərək maarifçilik missiyasını həyata keçirdi. “TikTok” platforması isə artıq informasiya daşıyıcısı, yəni ötürücü vasitədir. O, mətn yazmır. İndi elə tiktokerlər var ki, bədahətən elə fikirlər səsləndirirlər ki, söylədiklərinin heç biri peşəkar jurnalistika prinsiplərinə uyğun gəlmir. Nə bloqerlik, nə də tiktokerlik jurnalist peşəsini əvəz edə bilməz. Bunlara – bloqerlərə, tiktokerlərə və sosial media istifadəçilərinə “vətəndaş jurnalistikası” adı altında yanaşma sərgiləməyi də doğru hesab etmirəm. Çünki bunlar vətəndaş jurnalistikası deyil. Sovet dövründə “fəhlə-kəndli müxbirləri” hərəkatı olub. Hər bir qəzetin öz fəhlə-kəndli müxbirləri var idi. Onlar zavodlardan, fabriklərdən, üzüm və pambıq tarlalarından yazılar yazır, fəhlələrin həyatını işıqlandırırdılar”.
A. Aşırlı bildirib ki, indiki dövrdə sosial media şəbəkələri sadəcə ötürücü vasitədir, xəbərlərin daşıyıcısıdır:
“Nə də ki, peşəkar mühəndis, vətəndaş mühəndis və ya peşəkar həkim, vətəndaş həkim anlayışı var? Yoxdur. Ona görə də “vətəndaş jurnalistikası” anlayışını peşəkar jurnalistikaya paralel şəkildə işlətməyi və buna rəvac verməyi doğru hesab etmirəm. Bunlar tamamilə fərqli anlayışlardır. Ola bilər ki, bloqerlərdə və tiktokerlərdə müəyyən jurnalist elementləri olsun. Ancaq jurnalistikanın konkret standartları, peşə qaydaları və yaradıcılıq prinsipləri var. Onlar bu standartların heç birinə tam uyğun deyillər. Ona görə də sadəcə informasiyanı ötürən, xəbəri sürətlə çatdırmağa imkan verən bir vasitədirlər. Təbii ki, heç kim tiktokerliyin və bloqerliyin əleyhinə deyil, ola da bilməz. Çünki bunlar texnoloji inkişafın nəticəsidir və xəbərlərin operativ çatdırılmasına xidmət edir. Əgər xəbərin operativ çatdırılması məsələsinə diqqət yetirsək, bu baxımdan tiktokerlər radio işçilərindən daha üstün imkanlara malikdirlər. Çünki radio mətnə bağlıdır. Radioda çalışan peşəkar jurnalist mətn yazmadan da xəbəri təqdim edə bilər, lakin bunun üçün də müəyyən vaxt tələb olunur. Tiktoker isə hadisəni baş verdiyi anda birbaşa yayımlaya bilir”.
Jurnalist hesab edir ki, bu anlayışlar bir-birindən tamamilə fərqlənir:
“Həsən bəy Zərdabinin müəyyən etdiyi peşə standartları həqiqətə söykənirdi. O deyirdi ki, qəzet dərviş nağılı yaza və uydurma məlumatlar yaya bilməz, faktlara söykənməli, alternativ fikirlərə yer verməlidir. Bu baxımdan düşünürəm ki, ən doğru yol ənənələrə söykənməkdir. Həsən bəy Zərdabiyə, ondan sonrakı nəslə söykənməkdir. Üzeyir bəy Hacıbəyli, Azərbaycan publisistika tarixində mühüm rolu olan, dilimizin inkişafına xüsusi xidmət göstərən Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər Azərbaycan mətbuatının formalaşmasında mühüm rol oynayıblar. Biz məhz bu şəxsiyyətlərə söykənməliyik. Əgər söykənməyəcəyiksə, Azərbaycan jurnalistikasının gələcəyini doğru yolda görmürəm”.
Əməkdar jurnalist sonda bütün həmkarlarını peşə bayramı münasibətilə təbrik edib:
“Bütün jurnalistləri peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm”.
Sevinc Yarməmmədova






