20 Yanvar yaxınlığında təhlükəli anlar: Piyada qəfil yola çıxdı, sürücü son anda faciənin qarşısını aldı - VİDEO
Patrul.az redaksiyasına videogörüntü göndərərək müraciət edən izləyicimiz başına gələn xoşagəlməz hadisəni bölüşüb.
İzləyicimizin sözlərinə görə, hadisə 05.06.2026-cı il tarixində, saat 07:52 radələrində Şamaxinka istiqamətindən 20 Yanvar dairəsinə doğru hərəkət edərkən baş verib. Belə ki, körpünün yan hissəsindən qəfil şəkildə yolun hərəkət hissəsinə çıxan piyada sürücünü çətin vəziyyətdə qoyub.
Videogörüntülərdən də aydın görünür ki, sürücü ani reaksiya göstərərək piyadanı vurmaqdan son anda yayına bilib. Əks halda, hadisə ağır yol-nəqliyyat qəzası ilə nəticələnə bilərdi.
Maraqlı və narahatlıq doğuran məqam isə ondan ibarətdir ki, piyadanın hərəkətə başladığı hissə piyadaların istifadəsi üçün nəzərdə tutulmayıb. Bu səbəbdən həmin ərazidə hərəkət edən sürücülərin körpünün yan hissəsindən qəfil piyada çıxacağını əvvəlcədən təxmin etməsi demək olar ki, mümkün deyil.
Mütəxəssislər qeyd edirlər ki, piyadaların müəyyən olunmamış yerlərdən yolun hərəkət hissəsinə çıxması həm öz həyatları, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Belə hallarda sürücülərin ani manevr etməsi zəncirvari qəzalara və ağır nəticələrə səbəb ola bilər.
Patrul.az sürücüləri və piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, xüsusilə təhlükəli yol sahələrində daha diqqətli olmağa çağırır.






