Kütləvi Aqressiya: Sosial Medianın Görünməyən Psixoloji Təsiri
Sosial şəbəkələrdə hər gün minlərlə insan tənqid olunur, bəzən isə bu tənqidlər kütləvi hücuma çevrilir. Maraqlıdır, insanlar tanımadıqları bir şəxsin səhvinə niyə bu qədər sərt reaksiya verirlər? Bu davranış daxildə yığılan narazılığın və uğursuzluğun əksi, yoxsa sadəcə kütləyə qoşulmaq instinktidir?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, sosial şəbəkələrdə kütləvi aqressiyanın əsas səbəblərindən biri insanların qrup təsiri altında fərdi məsuliyyət hissini itirməsi və emosional axına qoşularaq düşünmədən reaksiya verməsidir:
“Sosial şəbəkələrdə hər hansı bir şəxsin səhvinə görə minlərlə insanın eyni anda ona qarşı aqressiv münasibət nümayiş etdirməsi müasir dövrün ən maraqlı sosial-psixoloji fenomenlərindən biridir. Bu davranışı yalnız həmin insanların fərdi xüsusiyyətləri ilə izah etmək doğru olmaz. Burada həm insan psixologiyasının dərin mexanizmləri, həm də sosial medianın yaratdığı xüsusi mühit mühüm rol oynayır. İlk növbədə qeyd etmək lazımdır ki, insanlar qrup daxilində davranarkən fərdi məsuliyyət hissini müəyyən qədər itirirlər. Real həyatda bir insan tanımadığı bir şəxsə sərt söz deməkdən çəkinə bilər. Lakin sosial şəbəkədə minlərlə insanın eyni istiqamətdə hərəkət etdiyini gördükdə öz davranışını daha asan əsaslandırır. Bu hal psixologiyada qrup təsiri və ya kütlə psixologiyası kimi izah olunur. İnsan düşünür ki, hamı eyni fikirdədirsə, deməli mənim də bu şəkildə davranmağım normaldır. Digər tərəfdən, sosial şəbəkələr emosional reaksiyaları sürətləndirən bir mühit yaradır. İnsanlar hadisəni tam araşdırmadan, bütün tərəfləri dinləmədən ani emosiyalarla reaksiya verirlər. Qəzəb, məyusluq və ya narazılıq hissləri çox sürətlə paylaşılır və yayılır. Bu zaman insanlar hadisənin mahiyyətindən çox, emosional axına qoşulurlar”.

E.Rüstəmov qeyd edir ki, sosial şəbəkələrdə aqressiv davranışlar həm daxili emosional gərginliyin kompensasiyası, həm də konformizm və anonimlik kimi sosial-psixoloji amillərin təsiri ilə yaranır:
“Bəzən bu aqressiyanın arxasında fərdi psixoloji amillər də dayanır. Həyatında müxtəlif problemlər yaşayan, özünü dəyərsiz hiss edən və ya uzun müddət emosional gərginlik keçirən bəzi şəxslər sosial şəbəkələrdə başqalarına qarşı sərt münasibət göstərərək daxili gərginliklərini boşaltmağa çalışırlar. Bu, müəyyən mənada psixoloji kompensasiya mexanizmi kimi çıxış edir. İnsan öz həyatında nəzarət edə bilmədiyi vəziyyətlərdən doğan narazılığı başqa bir şəxsə yönəldə bilir. Lakin bütün halları daxili uğursuzluğun intiqamı kimi qiymətləndirmək də düzgün olmaz. Çünki bir çox hallarda insanlar sadəcə sosial təsir altında davranırlar. Sosial psixologiyada buna konformizm deyilir. İnsan ətrafdakı çoxluğun fikrinə uyğunlaşmağa meylli olur.Xüsusilə sosial şəbəkələrdə bəyənmə, paylaşım və şərhlər vasitəsilə hansı mövqenin daha çox dəstəkləndiyi görünəndə fərdlər həmin mövqeyə yaxınlaşmağa başlayırlar. Burada anonimlik amili də xüsusi əhəmiyyət daşıyır. İnsanlar üz-üzə ünsiyyətdə istifadə etməyəcəkləri ifadələri internet mühitində daha rahat yazırlar. Çünki onlar birbaşa sosial məsuliyyət və ya qarşı tərəfin emosional reaksiyası ilə üzləşmirlər. Bu da aqressiv davranışların artmasına səbəb olur”.
Psixoloqun sözlərinə görə, kütləvi aqressiya sosial şəbəkələrdə anonimlik, qrup təsiri və emosional yoluxma kimi amillərin birləşməsi ilə yaranır:
“Maraqlı məqamlardan biri də mənəvi üstünlük hissidir. Bəzi insanlar başqasının səhvini tənqid etməklə özlərini daha düzgün, daha əxlaqlı və daha məsuliyyətli göstərməyə çalışırlar. Bu zaman məqsəd problemi həll etmək deyil, öz mövqeyini nümayiş etdirmək olur. Sosial şəbəkələrin auditoriya effekti bu tendensiyanı daha da gücləndirir. Sağlam cəmiyyət üçün vacib olan məsələ tənqidlə linç mədəniyyətini bir-birindən ayırmaqdır. Tənqid səhvin göstərilməsi və düzəlişə imkan yaradılmasıdır. Linç isə insanın şəxsiyyətinə hücum etmək, onu alçaltmaq və sosial şəkildə cəzalandırmağa çalışmaqdır. Təəssüf ki, sosial mediada bu sərhəd bəzən çox asanlıqla pozulur. Öna görə də sosial şəbəkələrdə müşahidə olunan kütləvi aqressiya nə yalnız daxili uğursuzluğun nəticəsidir, nə də yalnız kütləyə uyğunlaşma instinktidir. Adətən hər iki amil, həmçinin anonimlik, emosional yoluxma, qrup təsiri və sosial təsdiq ehtiyacı birlikdə bu davranışı formalaşdırır. Bu səbəbdən belə hallara qiymət verərkən təkcə hadisəyə deyil, insan davranışının arxasında duran psixoloji və sosial mexanizmlərə də diqqət yetirmək vacibdir”.
Cəmilə Cəfərzadə






