media-retouch_2025062709414168

Yaponiyada 2017-ci ildə ard-arda doqquz nəfəri vəhşicəsinə qətlə yetirən və “Twitter qatili” kimi tanınan Takahiro Şiraishini edam edilib.

Patrulaz.az “BBC”yə istinadla xəbər verir ki, 30 yaşlı Şiraishi qurbanlarını əsasən sosial media vasitəsilə, “X” kimi tanınan platformada tapıb. Qurbanların əksəriyyəti 15-26 yaş arası gənc qadınlar olub. O, qadınlara guya ölməyə kömək edəcəyini və bəzi hallarda birlikdə intihar edəcəyini vəd edib.

Onun profilində bu cümlə yer alıb:

“Mən həqiqətən dərdindən əziyyət çəkən insanlara kömək etmək istəyirəm. İstənilən vaxt mənə DM yazın”.

Polis hadisəni 2017-ci ilin oktyabrında Zama şəhərində araşdırarkən üzə çıxarıb. İtkin düşən bir qızın izinə düşən hüquq-mühafizə orqanları Şiraishinin mənzilində soyuducularda və alət qutularında saxlanılan doqquz parçalanmış cəsəd aşkar ediblər. Bu səbəbdən mətbuat onun yaşadığı yeri “dəhşət evi” adlandırıb.

Hadisə məlumat olduqdan sonra prokurorlar onun üçün ölüm cəzası tələb edib. Müdafiə tərəfi isə qurbanların razılığı ilə öldürüldüyünü iddia edərək daha yüngül ittiham irəli sürməyə çalışsa da, Şiraishi özü bu versiyanı təkzib edib və cinayətləri onların razılığı olmadan törətdiyini etiraf edib.

Yüzlərlə insanın iştirak etdiyi məhkəmə prosesi 2022-ci ildə edam hökmü ilə başa çatıb. 2025-ci iyun ayında isə cinayətkar edam edilib.

Hadisədən sonra “Twitter” platforması siyasətində dəyişiklik edərək, istifadəçilərin “intiharı və ya özünə zərər verməyi təşviq edən” paylaşıqlara yol verməməsi ilə bağlı qaydaları sərtləşdirib.

Qeyd edək ki, bu, ölkədə 2022-ci ildən sonra ilk dəfə ölüm cəzasının icrası olub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər