"Uşağın başı qarışsın deyə əlinə telefon verirlər" - PSİXOLOQ ANALİZİ
Zamanla yalnız texnologiya və imkanlar deyil, insan düşüncəsi və davranışı da dəyişir. Son onillikdə dünyada baş verən sürətli texnoloji və sosial dəyişikliklər cəmiyyətin psixoloji durumuna birbaşa təsir edib. Bu təsirin ən çox hiss olunduğu təbəqə isə azyaşlılar və yeniyetmələrdir.
Müasir dövrün ən böyük paradokslarından biri də odur ki, informasiya texnologiyalarının inkişafı uşaqların təhsil və bilik aləmini zənginləşdirməli olduğu halda, bəzən onların real həyatdan uzaqlaşmasına, ailə və dost münasibətlərindən soyumasına səbəb olur. Valideynlərin ən çox narahat olduğu məsələ isə uşaqların getdikcə assosial və telefon asılı vəziyyətə düşməsidir.
Təəssüf ki, mobil telefonlara həddindən artıq bağlılıq, sosial bacarıqların zəifləməsi, emosional soyuqluq və hətta aqressiya kimi nəticələr doğura bilir. Daha da təhlükəlisi odur ki, bu asılılıq yeniyetmələri yanlış qərarlar verməyə və ciddi səhvlər etməyə sürükləyə bilir.
Bəs bu problemin kökü haradan gəlir? Uşaqlar niyə telefona bu qədər bağlı olur?
Mövzunun psixoloji tərəflərini Patrulaz.az-a açıqlamasında psixoloq Aytən Ələkbərova şərh edib. Onun sözlərinə görə, uşaqların telefona həddindən artıq bağlı olmasının əsas səbəbkarı elə valideynlərin özləridir:
“Son üç aydakı müşahidələrimə əsasən deyə bilərəm ki, bəzən valideynlər sanki öz canrahatlığından ötrü uşaqlara telefon və ya planşet verir, hətta onları bu elektron əşyalarla təmin edirlər. Yəni, ilk başdan rüşvəti övladlarına özləri öyrədir. Məsələn, “”filan qiyməti alsan”” və ya “”ali məktəbə qəbul olsan son model telefon alacam”… Bəzən də ev səliqə-səhmanda qalsın yaxud iki rəfiqə rahat söhbət edə bilsin deyə azyaşlı uşaqlarının əlinə telefon verirlər ki, onun başı buna qarışsın. Deməli, bütün bunların səbəbkarı kamil yaşda olan şəxslərdir. Təbii ki, artıq bir qədər böyüyəndə də həmin uşaqları telefondan azad etmək çətin olacaq. Hətta telefondan mütəmadi istifadə edən uşaqlar yeniyetməlik dövründə halüsinasiya ilə qarşılaşırlar”.
Psixoloq Aytən Ələkbərova müharibənin insan psixologiyasına olan təsirini də qeyd etdi. Onun sözlərinə görə, müharibənin iqtisadiyyata vurduğu zərbələr təkcə maddi deyil, eyni zamanda ciddi psixoloji nəticələrə də səbəb olur:
“Müharibənin ölkə iqtisadiyyatına təsiri insan psixologiyasında da özünə yer edir. Vəziyyətin çətinləşməsi, “”nə edəcəyik””, “”necə edəcəyik”” düşüncəsi insanları stressə salır. Ona görə də müharibənin vurduğu zərbələr ilk olaraq insanların psixologiyasında psixosomatik düşüncə pozuntusuna gətirib çıxarır. Müharibə psixoloji olaraq insanlara ən çox emosional aclıq, yəni yemək, geyim və yaşayış məskəni tələbatı baxımından çətinlik yaradır. Elə buna görə də insanlar daha çox bu narahatlıqlarla psixoloji pozğunluq yaşayırlar”.
Gülbəniz Səfərova