Deputat: "Azərbaycan idman üzrə digər ölkələr üçün bariz nümunədir"
“Cənab Prezident İlham Əliyev dünyada nadir dövlət başçılarından biridir ki, eyni zamanda Milli Olimpiya Komitəsinin prezidenti olaraq Olimpiya hərəkatına rəhbərlik edir. Bu amil Azərbaycanın idman ölkəsi kimi dünyada tanınmasında mühüm rol oynayıb”.
Bu fikirləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, ictimai-siyasi xadim, Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov iyunun 23-də Prezident İlham Əliyevin də iştirak etdiyi MDB Oyunlarına ev sahibliyi edəcək Yevlax Olimpiya İdman Kompleksi barədə bildirib.
Deputatın sözlərinə görə, Ulu Öndərin də qoyduğu təməl əsasında, o cümlədən Azərbaycan dövlət başçısının dəstəyi ilə bir sıra idman tədbirlərinə uğurla ev sahibliyi edib, bununla da həm beynəlxalq arenada müsbət imic formalaşdırmış, həm də digər ölkələr üçün nümunə olmuşdur:
“Azərbaycan müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan ilk nazirliklərdən biri Gənclər və İdman Nazirliyi olmuşdur. Bu fakt bir daha sübut edir ki, Ulu Öndər gənclərə, onların hərtərəfli inkişafına və idmana xüsusi önəm verirdi.
Artıq uzun müddətdir ki, ölkəmiz mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Qazanılmış təşkilati təcrübə bir çox idman sahəsində inkişaf etmiş ölkələrə nümunə göstərilir. Azərbaycan indiyə qədər bir sıra nüfuzlu tədbirlərə – dünya və Avropa çempionatlarına, Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına, Şahmat Olimpiadasına, Formula 1 yarışlarına, beynəlxalq turnirlərə və Olimpiya təlim-məşq toplanışlarına ev sahibliyi edib. Bu yarışların yüksək səviyyədə təşkili, iştirakçı ölkələr və beynəlxalq qurumlar tərəfindən nümunəvi hal kimi qiymətləndirilir. Azərbaycanın idman siyasəti çərçivəsində infrastrukturun yaradılması 1990-cı illərin sonlarından başlayaraq geniş vüsət alıb. Hazırda demək olar ki, ölkənin bütün bölgələrində beynəlxalq standartlara uyğun Olimpiya idman kompleksləri, idman sarayları və mərkəzləri tikilib və tikilməkdədir”.
Millət vəkili Vüqar İskəndərov bildirib ki, sentyabr ayında ölkəmizdə keçiriləcək MDB Oyunlarının yüksək səviyyədə təşkili üçün hazırlıqlara artıq start verilib:
“Cənab Prezidentin bölgələrdə bu komplekslərin təməlqoyma və açılış mərasimlərində şəxsən iştirakı bu sahəyə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.
Sentyabr ayında ölkəmizdə keçiriləcək MDB oyunları da bu qəbildən olan əhəmiyyətli tədbirlərdəndir. Hazırda Gəncə, Şəki, Yevlax və digər şəhərlərdə bu yarışlara hazırlıq işləri aparılır, idman obyektlərində yenidənqurma və təkmilləşdirmə prosesi davam edir. Dövlət başçısının Yevlax Olimpiya İdman Kompleksinə səfəri və orada görülən işlərlə tanış olması bunun bariz göstəricisidir”.
V. İskəndərovun fikrincə, idman ölkələrin beynəlxalq arenada tanıdılması üçün mühüm vasitədir. Məhz bu baxımdan Azərbaycan da müxtəlif mötəbər idman yarışlarına ev sahibliyi edərək regionda idmanın mərkəzinə çevrilib:
“İdman ölkənin tanıdılması üçün ən təsirli vasitələrdən biridir. Milyonlarla insanı ətrafında birləşdirən bu sahə eyni zamanda dostluq, həmrəylik və sağlam həyat tərzini təbliğ edir. Bu baxımdan Azərbaycan artıq təkcə beynəlxalq tədbirlərin deyil, həm də dəyərləri tərənnüm edən idman yarışlarının mərkəzinə çevrilib. Ölkəmizdə keçirilən mötəbər idman tədbirləri Azərbaycanın müsbət imicinin formalaşmasına, tanıdılmasına və beynəlxalq səviyyədə təbliğinə ciddi töhfə verir.
Son vaxtlarda Mini Futbol üzrə Dünya Çempionatının Azərbaycanda yüksək səviyyədə təşkil olunması və yığma komandamızın dünya çempionu olması da bu uğurların bariz nümunəsidir. Əminik ki, payızda keçiriləcək MDB oyunları da ən yüksək səviyyədə təşkil ediləcək və ölkəmizə gələn idmançılar buradan xoş təəssüratlarla ayrılacaqlar”.
Qeyd edək ki, bu il sentyabr ayının sonunda Azərbaycanda keçiriləcək Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax Olimpiya İdman Kompleksində təşkil ediləcək.
Gülbəniz Səfərova