Şənliyə silahlı hücum nəticəsində 10 nəfər həlak oldu
Meksikada şənliyə silahlı hücum edilib.
Patrulaz.az Meksikanın mərkəzində yerləşən İrapuato şəhərində bir evdə keçirilən şənliyə silahlı basqın nəticəsində 10 nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb.
Hadisə Guanajuato ştatının İrapuato şəhərinin Barrio Nuevo məhəlləsində baş verib. Meksika mediasının yaydığı məlumata görə, silahlı şəxslər şənlik zamanı evə daxil olaraq ətrafa atəş açıblar. Həlak olanlar arasında uşaqların da olduğu bildirilir.
Yerli mediada yayımlanan görüntülərdə insanların əvvəlcə rəqs etdiyi, daha sonra isə silah səsləri fonunda təşviş içində qaçdığı əks olunub.
Meksika prezidenti Klaudiya Şeynbaum hadisəyə münasibət bildirərək hücumu qəti şəkildə pisləyib:
“Bu qəbuledilməz zorakılıq hallarına qarşı dərhal tədbirlər görüləcək. Məsul şəxslər ən qısa zamanda tapılıb cəzalandırılacaq”.
Qeyd edək ki, Guanajuato Meksikada son illər ən çox silahlı hücumların qeydə alındığı ştatlardan biridir. Bu kimi hücumların əsas səbəbi ölkədəki narkotik kartelləri arasında baş verən münaqişələr göstərilir.