Tanınmış influenser və sevgilisi keçmiş əri tərəfindən qətlə yetirilib
ABŞ-nin Kaliforniya ştatının Fontana şəhərində faciəvi bir hadisə baş verib.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, tanınmış fitnes influenseri Gloria Zamora (40) və onun yeni sevgilisi Hektor Garduno (43), qadının keçmiş həyat yoldaşı tərəfindən restoranın dayanacağında güllələnərək öldürülüb. Hadisə Gloria Zamoranın boşanma prosesi ilə bağlı məlumat verdiyi podkast yayımlanandan cəmi bir neçə gün sonra baş verib.
Fontana Polis İdarəsinin verdiyi məlumata görə, 21 iyun axşamı saat 21:40 radələrində, Gloria Zamora ilə Hektor Garduno bir suşi restoranında yemək yedikdən sonra dayanacaqda güllə atəşinə məruz qalıblar. Polisin bildirdiyinə görə, cinayəti Gloria Zamoranın keçmiş əri – Tomas Alberto Tamayo Lizarraga törədib.
Hadisə zamanı yoldan keçən San Bernardino Şerif Departamentinin əməkdaşı vəziyyətə dərhal müdaxilə edib və silahlı şəxsi yerindəcə güllələyərək zərərsizləşdirib. Şübhəli hadisə yerində həyatını itirib.
Fontana Polisi badisə ilə bağlı istintaqın davam etdiyini açıqlayıb. Hazırda əlavə məlumat verilməsə də, həm yerli icma, həm də sosial media istifadəçiləri bu dəhşətli faciəyə görə dərin kədər hissi keçirdiklərini bildiriblər.
Ləman Sərraf