media-inshot_20260311_101224807

Yaxın Şərqdə 28 fevral tarixində başlayan ABŞ, İsrail və İran arasında davam edən müharibənin 12-ci günüdür.

Patrul.az xəbər verir ki, müharibə başlayandan bu yana İsrail hökumətinin verdiyi açıqlamaya görə, İranın cavab hücumları nəticəsində ümumilikdə 13 nəfər ölüb, 200 israilli yaralanıb. Yaralılardan 7-nin vəziyyətinin ağır olduğu bildirilib.

Təkcə 1 mart tarixində Beit Şemeş şəhərinə endirilən raket zərbəsi nəticəsində 9 nəfər həlak olub.

ABŞ-də isə Pentaqonun verdiyi rəsmi məlumata görə, bu vaxta kimi 8 amerikalı hərbçisi həlak olub. Bundan əlavə, təxminən 140 hərbçi yaralanıb.

İsrailin Livana endirdiyi zərbələr nəticəsində isə 2 martdan bu yana 570 nəfər həlak olub.

Körfəz ölkələrində isə Səudiyyə Ərəbistanı, Bəhreyn və Küveyt daxil olmaqla ümumilikdə 14 nəfər həlak olub.

İranda isə son statistikaya görə, ən azı 1332 nəfər həlak olub.

Qeyd edək ki, İran İsrail hədəflərinə qarşı 37-ci zərbə dalğasını elan edərək cavab əməliyyatlarını davam etdirdiyini bildirir.

Bununla bağlı İran dövlət televiziyası İnqilab Keşikçiləri Korpusunun 30 nömrəli yazılı bəyanatını yayımlayıb. Bəyanatda deyilir:

“Tel-Əvivin cənubundakı peyk rabitə mərkəzini, Qərbi Qüds və Hayfadakı hərbi mərkəzləri, Ərbildəki ABŞ hədəflərini və bölgədəki 5-ci Dəniz Donanmasını ikinci dəfə hədəf alan 37-ci əməliyyat hücumların başlanğıcından bəri ən ağır və ən gərgin əməliyyat olub”.

Xatırladaq ki, İsrail və ABŞ Tehran və Vaşinqton arasında danışıqların davam etdiyi bir vaxtda, 28 fevral tarixində İrana hərbi hücuma başladılar.

İran isə buna cavab olaraq İsrail, Qətər (ABŞ bazalarının yerləşdiyi ölkə), Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də daxil olmaqla bir neçə regional ölkədə müəyyən etdiyi hədəflərə hücumlar edib.

ABŞ-İsrail hücumları nəticəsində İran lideri Ayətullah Əli Xamenei və çoxsaylı digər yüksək vəzifəli şəxslər həlak olublar.

Gülbəniz Səfərova


Bənzər xəbərlər