media-file_00000000517871f79ead90b14de4ccce

Dünyanın ən populyar mesajlaşma platformalarından biri olan “WhatsApp” istifadəçilərin işini xeyli asanlaşdıracaq yeni funksiya üzərində işləyir.

Patrul.az Demokrat.az-a istinadən xəbər verir ki, yenilik sayəsində səsli mesajların göndərilməsi daha sürətli və rahat olacaq.

“Android” əməliyyat sistemi üçün hazırlanan yeni ana ekran vidjeti (widget) istifadəçilərə tətbiqi açmadan səsli mesaj yazmağa imkan verəcək. Beləliklə, səs yazısını birbaşa telefonun əsas ekranından başlatmaq mümkün olacaq.

Hazırda sınaq mərhələsində olan funksiya yalnız səs yazmaqla məhdudlaşmır. İstifadəçilər yazını müvəqqəti dayandıra, daha sonra qaldıqları yerdən davam etdirə və ya qeydi tamamilə ləğv edə biləcəklər. Bu xüsusiyyət xüsusilə uzun səsli mesaj göndərənlər üçün böyük rahatlıq yaradacaq.

Yeniliyin diqqətçəkən məqamlarından biri də eyni səsli mesajın eyni anda bir neçə nəfərə göndərilməsi imkanıdır. Səs yazısı başa çatdıqdan sonra istifadəçinin qarşısına təkmilləşdirilmiş kontakt siyahısı çıxacaq. Buradan bir neçə nəfəri və ya qrupu seçərək eyni səsli mesajı bir toxunuşla paylaşmaq mümkün olacaq.

Hazırda eyni səsli mesajı müxtəlif şəxslərə göndərmək üçün əvvəlcə onu hər hansı söhbətdə yazmaq, daha sonra isə ayrı-ayrılıqda digər çatlara yönləndirmək tələb olunur. Yeni vidjet bu prosesi xeyli sadələşdirəcək və istifadəçilərə vaxta qənaət etməyə imkan verəcək.

Şirkətin bildirdiyinə görə, yeni funksiyadan istifadə məcburi olmayacaq. İstifadəçilər vidjeti istədikləri halda telefonun ana ekranına əlavə edə biləcəklər. Əvvəlki qaydada səsli mesaj göndərmək istəyənlər isə “WhatsApp” tətbiqindən istifadə etməyə davam edəcəklər.

Hazırda yeni funksiya təkmilləşdirilmə mərhələsindədir və hələlik bütün istifadəçilər üçün əlçatan deyil.


Bənzər xəbərlər