Telefon dənizdə suya və ya quma düşərsə, ilk nə etməli? - Ən çox edilən səhvlər
Yay mövsümündə çimərliklərdə telefonlardan istifadə artır. Dəniz kənarında şəkil və video çəkərkən cihazın suya və ya quma düşməsi isə ən çox rast gəlinən hallardan biridir. Belə vəziyyətdə insanların ilk reaksiyası çox vaxt telefonu dərhal işə salmağa və ya qurutmağa çalışmaq olur. Halbuki bu, cihazın daha ciddi zədələnməsinə səbəb ola bilər.
Patrul.az-ın araşdırmasına görə, telefon suya və ya quma düşdükdən sonra ilk növbədə cihaz söndürülməli və enerji mənbəyindən ayrılmalıdır. Əgər telefonun çıxarıla bilən batareyası varsa, onu da çıxarmaq tövsiyə olunur. Cihazı işə salmaq və ya enerji ilə yoxlamaq daxili qısaqapanma riskini artırır.
Mütəxəssislər bildirirlər ki, telefon dəniz suyuna düşübsə, vəziyyət adi sudan daha təhlükəlidir. Duzlu su elektron hissələrdə korroziyanı sürətləndirə və zədələnməni artıraraq cihazın işləməsinə mane ola bilər.
Telefon quma düşdükdə isə onu güclü şəkildə çırpmaq və ya portlara üfürmək düzgün deyil. Xırda qum hissəcikləri şarj girişinə, dinamiklərə və mikrofon hissəsinə daha da dolaraq əlavə nasazlıqlara səbəb ola bilər.
Araşdırmalar göstərir ki, telefonu düyünün içinə qoymaq barədə yayılan məşhur üsulun effektivliyi elmi baxımdan sübut olunmayıb. Ən doğru addım cihazı quru saxlamaq və mümkün qədər tez peşəkar texniki servisə müraciət etməkdir.
Cəmilə Cəfərzadə






