media-0b44d392-b123-4901-9231-19dccb8e3ec4

Bakıda su sayğacını başqa şəxsin adına keçirmək istəyən vətəndaş, aylarla davam edən sənədləşmə prosesində müxtəlif dövlət qurumları arasında get-gələ məruz qalıb.

Patrulaz.az-a daxil olan məlumata görə, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahədə yaşayan vətəndaş Niftəliyev Nadir Bəhrəm oğlu 15 mart 2025-ci il tarixində 3 saylı Bakı “Asan Kommunal” mərkəzinə ərizə ilə müraciət edib. Məqsəd smartkart tipli su sayğacını oğlunun adına rəsmiləşdirmək olub. Mərkəzdə bildirilib ki, Sabunçu rayon “Su kanal” İdarəsindən nümayəndə üç gün ərzində sayğaca baxış keçirməlidir. Bundan sonra sənədləşmə mümkün olacaq.

Lakin vətəndaşın sözlərinə görə, 2 aprel 2025-ci il tarixinədək heç bir nümayəndə gəlməyib. O, bir daha “Asan kommunal” mərkəzinə üz tutub. Nəhayət, 4 apreldə baxış keçirilib və məlum olub ki, sayğacın istismar müddəti bitib. Bu səbəbdən smartkartlı sayğac yeni mexaniki sayğacla əvəz olunub.

8 apreldə şikayətçi yenidən “Asan kommunal”a sənədləşdirmə üçün müraciət edib. Lakin məsələ su ilə bağlı olsa da, “Azərişıq”dan da arayış təqdim olunması tələb olunub. Onlar öyrənmək istəyiblər ki, həqiqətən də yaşadığı ünvanda elektrik enerjisindən istifadə olunub. Bildirilib ki, arayış və ərizə ilə birlikdə Sabunçu rayon “Su kanal” İdarəsinə müraciət edərək sənədləşdirmə apara bilərsiniz. Lakin Sabunçu rayon “Su kanal” İdarəsində də bildirilib ki, arayışın vacibliyi, eyni zamanda yenilənmiş sayğacdan bir ay istifadə olunduqdan sonra oğlunun adına rəsmiləşdirmə həyata keçirilə bilər.

Vəziyyətdən narazı vətəndaş yaşadığı prosesi məntiqsiz və əsassız olduğunu vurğulayaraq məsələnin rəsmi şəkildə aydınlaşdırılmasını tələb edir:

“Bu su sayğacıdır, elektriklə əlaqəsi yoxdur. Mən başqa ada sənədləşdirmək istəyirəmsə, bunun üçün niyə “Azərişıq” arayışı almalıyam? Nə üçün sudan istifadə edilmədən sayğacı başqa ada sənədləşdirmək olmur və nə üçün su ilə bağlı məsələdə “Azərişıq” arayışı istənilir? Hər qurum öz işi ilə məşğul olmalıdır”deyə vətəndaş iradını bildirib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər