media-img-20250703-wa0012

Ölkəmizdə böyük səs salan və onlarla insanın həyatına son qoyan 2024-cü il 25 dekabr tarixində baş vermiş AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı hələ də tam nəticə əldə olunmayıb. Qazaxıstanın Aktau şəhərində baş verən hadisədə Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan və 67 nəfərdən cəmi 29 nəfərin sağ çıxdığı sərnişin təyyarəsi ilə bağlı bir çox suallar cavabsız qalıb. Hadisədən demək olar ki, bir il keçməsinə baxmayaraq, qəzanın səbəbləri ilə bağlı ictimaiyyətə hər hansı konkret məlumat açıqlanmayıb. Bəziləri bu qəzasının texniki səbəblərdən baş verdiyini iddia etsələr də, çoxluq təyyarənin havadan hücuma məruz qaldığını və nəticədə onun zədələnməsi ilə yerə enişinin uğursuz olduğunu düşünürlər. Bu iddia ona görə ortaya çıxıb ki, təyyarənin üzərində qəlpə izləri var idi. Bu da onun havada hücuma məruz qaldığını göstərir. Həmçinin, həmin vaxt Rusiya-Ukrayna arasında da havadan raket zərbələri davam edirdi. Amma bu iddialar özünü hüquqi yollarla da təsdiqini tapmalıdır.

İctimaiyyətin ümidlərini bağladığı “qara qutu” tapılsa da, bir ildən artıq müddətdə qəzanın səbəbləri ilə bağlı nə Rusiya, nə də beynəlxalq qurumlar tərəfindən tam və şəffaf məlumat verilməyib. Xüsusilə, son zamanlar Rusiyada azərbaycanlılara qarşı artan təzyiq və zorakılıq halları bu məsələni daha da aktuallaşdırıb. Əgər qəzanın arxasında Rusiya tərəfinin məsuliyyəti sübuta yetirilərsə, Azərbaycan hansı addımları atacaq?

Bu barədə Patrulaz.az-a açıqlamasında Millət vəkili Ceyhun Məmmədov öz fikirlərini bölüşdü.

Deputat bildirib ki, Rusiya tərəfinin məsuliyyəti sübut olunarsa, bu məsələ diplomatik yollarla müzakirə ediləcək. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz mövqeyini bildirəcək:media-1727266759_1727266725_1727262046_ceyh

Bu gün Azərbaycan dövlət olaraq lazım olan bütün addımları atıb və atmaqda davam edir. Ehtiyac yarandıqda bu məsələ beynəlxalq müstəvidə də qaldırılacaq və ölkəmiz öz maraqlarını qorumaq üçün bütün imkanlardan istifadə edəcək. Dövlətimiz AZAL təyyarəsinin qəzası ilə bağlı baş verənlərə tam nəzarət edir və məsələ daima diqqət mərkəzindədir. Gərək olduğu halda, daha sərt addımların atılması da istisna olunmur.

Xatırladım ki, artıq bir sıra tədbirlər həyata keçirilib. Mədəniyyət Nazirliyi tərəfindən rusiyalıların iştirakı ilə ölkədə keçirilməsi planlaşdırılan tədbirlər ləğv olunub. Milli Məclisin Rusiya ilə Parlamentlərarası əlaqələri dayandırılıb. Eyni zamanda, “Sputnik Azərbaycan” portalının fəaliyyəti ilə bağlı da müvafiq addımlar da atılıb. Belə ki, Rusiya ilə əlaqəli bəzi cinayətkar qrupların fəaliyyəti araşdırıldı və onlardan bir qismi artıq cəzalandırılıb.

Hesab edirəm ki, Azərbaycan gələcəkdə də bu istiqamətdə qətiyyətli və məqsədyönlü tədbirlər görməkdə davam edəcək”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər