“Bank of Baku” müştərisini komissiya adı ilə aldadıb? – Şikayət var
“Bank of Baku” ilə bağlı sosial şəbəkədə daha bir şikayət yayılıb. Facebook istifadəçisi Nicat Quliyev Patrulaz.az saytının rəsmi səhifəsinə müraciət edərək, bankın onunla qeyri-şəffaf davranış sərgilədiyini bildirib.
Şikayətçinin Patrulaz.az-a bildirdiyinə görə, o, “Bank of Baku”-dan debet kart əldə edib və mobil tətbiq üzərindən “komissiyasız” göstərilən bir köçürmə əməliyyatı həyata keçirib. Lakin əməliyyatdan sonra kart hesabından əsassız şəkildə 20 AZN tutulub.
“Artıq 1 aydan çoxdur ki, hər gün bankın qaynar xəttinə zəng edirəm. Hər dəfə sadəcə ‘gözləyin’ deyilir, lakin heç bir real addım atılmır. Məsələyə ciddi yanaşma yoxdur,” – deyə Nicat Quliyev bildirib.
Şikayətçi bu halı müştəri hüquqlarının pozulması kimi qiymətləndirir və məsələnin hüquqi yolla davam etdiriləcəyini qeyd edir. O, eyni zamanda digər vətəndaşları da bu cür hallarda ehtiyatlı olmağa çağırır.
Məsələ ilə bağlı “Bank of Baku” tərəfindən rəsmi açıqlama verilməyib. Bankdan mövqe təqdim olunacağı təqdirdə, xəbərə əlavə ediləcək.
Günay Salayeva






