Baş verənlər Rusiyanın daxili siyasəti və millətlərarası münasibətlərində deqradasiyadan xəbər verir” - DEPUTATDAN AÇIQLAMA
“Rusiyada son günlər baş verən hadisələr aysberqin yalnız görünən hissəsidir. Millətlərarası münasibətlər bu ölkənin şovonist qüvvələrinin aktiv fəaliyyəti nəticəsində həmişə kritik hədəf olub. Yalnız siyasi dairələrin yalançı balansyaratma siyasəti sayəsində indiki pik həddə çatmasına imkan verilməyib. Əlbəttə, bu yalnız görüntüdə belə olub. İnformasiya qıtlığı, məlumat kasadlığı, təzyiqə, ayrıseçkiliyə məruz qalan miqrantların müəyyən şərtlər müqabilində susmağa üstünlük verməsi Rusiyadakı bəzi dairələrin iştahasını artırıb, onlarda yeni-yeni qanun pozuntusu etmək həvəsi yaradıb. Bu isə, əslində, dövlətin daxili siyasətində çatların yaranmasına, cəmiyyətdaxili münasibətlərin zədələnməsinə və nəhayətdə xaosa gətirib çıxarır”.
Bunu Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, Yekaterinburq hadisələri hələ də cəmiyyətdən gizli saxlanılan, çoxunun xəbırsiz olduğu bir çox məsələni açığa çıxardı:
“Bu ölkədə qanuni şəkildə çalışan, bütün sənədləri qaydasında olan miqrantlar bir kənara, Rusiya vətəndaşlığı almış şəxslər belə ayrıseçkiliyin qurbanları olurlar. Onları yalnız xidmət sahələrində çalışdırmaq, onlara potensial cinayətkar gözü ilə baxmaq Rusiyada daxili siyasətində, millətlərarası münasibətlərdə deqradasiyadan xəbər verir. Azərbaycanlılara qarşı törədilən cinayətlərin arxasında miqrasiya tələblərinin, yaxud 25 il əvvəl baş vermiş qətl hadisəsinin dayandığı ehtimalını qəbul etmirəm. Bu, Rusiya tərəfindən Azərbaycana qarşı çoxdan başlanan təzyiq siyasətinin növbəti fazasıdır. Bakının yürütdüyü müstəqil siyasət, Moskva qarşısında qoyduğu haqlı tələblər, regional siyasətdə tam özgürlük bu ölkənin rəsmi dairələrini kriminal addımlar atmağa məcbur edir. Rosqvardiya təlimatları birbaşa Kremldən alır, onların “xeyir-duası” ilə hərəkət edir. Rusiyanın hüquq sistemi artıq kriminallaşıb”.
Ləman Sərraf