Rus Telegram kanalı etikadan kənara çıxır: “Dövlətlərarası münasibətə təhqiramiz ifadə yaraşmır” - FOTOFAKT
Son günlərdə Rusiya mənşəli “КРИК-ТВ” adlı Telegram kanalının paylaşımı sosial mediada geniş müzakirələrə səbəb olub. Kanal Azərbaycanla bağlı yayımladığı məlumatda etik çərçivələri aşaraq, insan ölümü ilə nəticələnmiş hadisəyə münasibətdə son dərəcə təhqiramiz və qeyri-peşəkar leksikadan istifadə edib.
Patrulaz.az xəbər verir ki, söhbət Rusiya ərazisindən vətənə gətirilən iki azərbaycanlı – Hüseyn və Ziyəddin Səfərov qardaşlarının cəsədləri ilə bağlı paylaşımda işlədilən ifadədən gedir. Paylaşımda həmin şəxslər haqqında “дохлых” (rus dilində adətən ölü heyvanlar üçün istifadə edilən aşağılayıcı söz) ifadəsi yer alıb. Qeyd etmək lazımdır ki, bu termin rus dilində insanlara qarşı istifadə edildikdə son dərəcə təhqiramiz səslənir və jurnalistika prinsiplərinə ziddir.
Əldə olunan məlumata əsasən, Hüseyn və Ziyəddin Səfərov qardaşları Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlandıqdan sonra qeyri-insani rəftar və işgəncələrə məruz qalaraq vəhşicəsinə qətlə yetiriliblər. Sosial şəbəkələrdə yayılan görüntülər, eləcə də ailə üzvlərinin iddiaları göstərir ki, onların ölümü adi bir hadisə deyil, sistematik zorakılığın və qeyri-insani rəftarın nəticəsidir.
Bu faktlar fonunda rus kanalının həmin şəxsləri aşağılayıcı şəkildə təqdim etməsi təkcə jurnalist etikası deyil, insan hüquqlarına açıq hücum kimi qiymətləndirilməlidir.
Etik jurnalistika haradadır?
Bu cür ifadələr nəinki peşəkarlıqdan uzaqdır, həm də bir xalqın faciəsinə və insan həyatına qarşı hörmətsizlikdir. “КРИК-ТВ” kanalının bu paylaşımı təkcə Azərbaycan vətəndaşlarının deyil, bütün cəmiyyətin etik dəyərlərinə qarşı sayğısızlıq kimi qəbul olunmalıdır.
Beynəlxalq jurnalistika kodekslərinə əsasən, media nümayəndələri insan həyatını və ölümünü ehtiramla təqdim etməli, heç bir halda təhqiredici və alçaldıcı leksikaya yol verməməlidir. Təəssüf ki, bəzi platformalar bu prinsiplərə əməl etmir, nəticədə cəmiyyətlərarası münasibətlərə zərər vururlar.
Kanalın digər cümlələrində də təxribatçı və qərəzli yanaşma açıq hiss olunur. Məsələn, “Onları qəhrəman kimi qarşılayırlar və TV-də göstərirlər. Ölkə necədirsə, qəhrəmanları da elədir” – ifadəsi həm Azərbaycan dövlətinə, həm də onun vətəndaşlarına qarşı açıq-aşkar hörmətsizlik və siyasi təzyiq ritorikasıdır.
Belə təhqiramiz dil ritorikası təkcə informasiya manipulyasiyası deyil, həm də dövlətlərarası münasibətlərin pozulmasına xidmət edən təhlükəli ritorikadır. Biz bir daha bəyan edirik ki, insan hüquqları pozularaq vəhşicəsinə öldürülmüş şəxslərə qarşı bu cür təhqiramiz dilin işlədilməsi nə hüquqi, nə də mənəvi baxımdan qəbulolunandır.
Azərbaycan cəmiyyəti belə hallara qarşı həmrəy olmalı və öz vətəndaşlarının şərəfini qorumaq üçün sözünü deməlidir. Beynəlxalq insan haqları təşkilatları və jurnalist qurumları bu cür hallara reaksiya verməyə çağırırıq.