Bəzi körpələr niyə tez-tez ağlayır? - SƏBƏB
Yeni doğulmuş körpələrin davamlı ağlaması valideynləri həm fiziki, həm də emosional baxımdan yorub tükədə bilər. Amma burada unudulmamalı vacib bir məqam var: ağlama körpələrin əsas ünsiyyət vasitəsidir. Onlar sözlə ifadə edə bilmədiklərini bədən dilləri və ağlama ilə bizə anlatmağa çalışırlar. Bəs bu ağlamaların arxasında nələr dayanır?
Patrulaz.az bunun səbəblərini sizə təqdim edir:
Aclıq

Ən çox rast gəlinən səbəblərdən biri aclıqdır. Körpələrin mədəsi çox kiçik olduğundan tez-tez acıyırlar və bəzən bu siqnalları erkən sezə bilmədiyimiz üçün gecikmiş reaksiya körpənin narahatlığını artırır.
Yuxusuzluq

Yuxusuzluq və ya həddindən artıq yorğunluq da ağlamağa səbəb olan başqa bir faktordur. Bəzi körpələr yorğun olduqları halda yuxuya gedə bilmir və bu da onların qıcıqlanmasına səbəb olur.
Nəm bez

Bezlərin nəm və ya dolu olması da körpə üçün narahatlıq doğurur. Xüsusilə də dərisi daha həssas olan körpələr azacıq rütubəti belə qəbul etmir. Bununla yanaşı, ətraf mühitin temperaturu da onların əhvalına təsir edir.
Hava şəraiti

Havanın çox isti və ya soyuq olması körpənin rahatlığını pozaraq ağlamalarına gətirib çıxara bilər.
Qaz sancısı

Körpələrin tez-tez ağlamasının digər bir səbəbi qaz sancıları və ya kolikdir. Xüsusilə, ilk həftələrdə müşahidə olunan bu hal, saatlarla davam edən və çox yüksək səslə müşahidə olunan ağlamalarla xarakterizə olunur. Belə hallar zamanı körpənin əllərini yumub ayaqlarını qarnına doğru çəkməsi də diqqətçəkici bir əlamətdir.
Qayğı

Körpə bəzən də sadəcə qucaqlanmaq, toxunulmaq istəyir. Ana və ya ata ilə fiziki təmas, körpəyə özünü təhlükəsizlikdə hiss etdirir və bu hiss onu sakitləşdirir. Bu səbəbdən qucağa alınan kimi sakitləşən körpələrin ağlamasının səbəbi emosional ehtiyac ola bilər.
Həddindən artıq stimulyasiya

Ətrafda çoxlu səs-küy, işıq və ya insanlar olduqda isə körpənin sinir sistemi həddindən artıq stimulyasiyaya məruz qala bilər. Bu, onun üçün artıq bir yükə çevrilir və körpə sanki “bəsdir!” deməyə çalışaraq ağlamağa başlayır.
Digər hallarda isə ağlamaq daha ciddi bir səbəbin siqnalı da ola bilər. Əgər körpənin ağlaması adi haldan kəskin, uzunmüddətli və dayanmadan davam edirsə, bədənində səpkilər, istilik və ya başqa fiziki əlamətlər müşahidə olunursa, bu, infeksiya, qulaq ağrısı və ya başqa bir sağlamlıq probleminə işarə edə bilər. Belə hallarda mütləq pediatra müraciət olunmalıdır.
Nə etməliyik?
Bu cür vəziyyətlərdə valideynlər üçün ən faydalı məsləhətlərdən biri körpəyə uyğun gündəlik rutin qurmasıdır. Körpələr sabitliyi və təkrarı sevir, bu isə onlara özlərini daha güvənli hiss etdirir. Zaman keçdikcə valideynlər fərqli ağlama növlərini bir-birindən ayırd etməyi və onların arxasındakı ehtiyacları daha yaxşı sezə bilirlər. Ən önəmlisi isə budur ki, körpənizin çox ağlaması sizin pis valideyn olduğunuz anlamına gəlmir. Bəzi körpələr sadəcə daha çox diqqətə və yaxınlığa ehtiyac duyurlar. Bu, keçici bir dövrdür və övladınızın böyümə prosesinin bir parçasıdır.
Ləman Sərraf






