media-inshot_20260724_112316662

Xəbər verdiyimiz kimi, Bakının Xəzər rayonu, Binə sovxozu ərazisində saat 07:40 radələrində iki avtobusun toqquşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə Patrul.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, sözügedən yol-nəqliyyat hadisəsi səbəbilə 24.07.2026-cı il tarixində saat 08:00 radələrindən etibarən 13 nəfər (7 kişi, 6 qadın) Sabunçu Tibb Mərkəzinə, 9 nəfər (kişi) isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Kliniki Tibbi Mərkəzə təxliyə olunan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu qoyulub və onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Sabunçu Tibb Mərkəzində yaralılara başın, bədənin, ətrafların travmaları və sınıqları diaqnozları qoyulub, zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən 1972-ci il təvəllüdlü qadın pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Digər 12 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün onlar ambulator müalicə üçün evə buraxılıblar.

Gülbəniz Səfərova


Bənzər xəbərlər