media-inshot_20260724_103111858

Dünyanın ən populyar mesajlaşma şəbəkəsi olan “WhatsApp” istifadəçilərin işini daha da asanlaşdıracaq 4 yeni xüsusiyyət təqdim edir.

Patrul.az xəbər verir ki, “Meta” şirkətinin hazırladığı bu yeniliklər tətbiqdən istifadəni həm daha funksional, həm də daha rahat edəcək.

Həmin yenilikləri təqdim edirik:

“iPad”də birbaşa qeydiyyat: Əvvəllər “iPad” planşetlərində “WhatsApp” işlətmək üçün onu mütləq smartfona qoşmaq lazım gəlirdi. İndi isə istifadəçilər telefona ehtiyac duymadan, birbaşa planşet vasitəsilə yeni hesab açıb qeydiyyatdan keçə biləcəklər.

Avtomobildə təhlükəsiz idarəetmə: “Apple CarPlay” və “Android Auto” kimi sistemlərlə inteqrasiya tamamilə yenilənib. Sürücülər yoldan yayınmadan gələn mesajları dinləyə, onlara səsli cavab verə, həmçinin avtomobilin ekranından zəng tarixinə və “seçilmişlər” siyahısına baxa bilərlər.

Çat daxilində PDF redaktəsi: “Adobe Acrobat”ın dəstəyi ilə yaradılan bu funksiya sayəsində kompüter və veb versiyalarda PDF faylları yükləməyə ehtiyac qalmayacaq. Sənədləri birbaşa çatın içində açıb mətni rəngləmək (vurğulamaq) və qeydlər yazmaq mümkün olacaq.

Statusda musiqi paylaşımı: İstifadəçilər “Spotify” və ya “Apple Music”də dinlədikləri sevimli mahnıları birbaşa “WhatsApp Status” bölməsində dostları ilə bölüşə biləcəklər.

Qeyd edək ki, yeniliklər qlobal miqyasda mərhələli şəkildə tətbiq olunur və yaxın günlərdə bütün cihazlarda aktivləşəcək.


Bənzər xəbərlər