media-inshot_20260714_182753734

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna münaqişəsi ilə bağlı nümayiş etdirdiyi mövqeyə münasibət bildirib.

Patrul.az Rusiya mediasına istinadən xəbər verir ki, rəsmi Moskva ilə Bakı arasında Ukrayna mövzusunda aşkar fikir ayrılığının olduğunu qeyd edən Peskov, Kreml yanaşmasına görə, Azərbaycan rəhbərliyinin Ukrayna böhranı ilə bağlı tutduğu mövqenin Rusiya tərəfindən “yanlış” hesab olunduğunu vurğulayıb:

“Kreml İlham Əliyevin Ukrayna ilə bağlı mövqeyinin səhv olduğuna inanır, lakin bu, Azərbaycan ilə əlaqələrin inkişafından imtina etmək üçün səbəb deyil”.

Rusiya rəsmisi həmçinin qeyd edib ki, Moskva ilə sıx və yaxın əlaqələrə malik olan bir çox digər tərəfdaş ölkələr də oxşar (Ukraynanın suverenliyini dəstəkləyən) mövqedən çıxış edirlər. Buna baxmayaraq, Kreml həmin dövlətlərlə də tərəfdaşlıq münasibətlərini davam etdirir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Ukrayna ilə bağlı mühüm bəyanatlar səsləndirib.

Dövlət başçısı Azərbaycanın hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyəcəyini vurğulayıb. İlham Əliyev özünün də vaxtilə işğaldan əziyyət çəkən bir dövlətin rəhbəri olduğunu misal çəkərək, bu müharibənin tezliklə dayandırılmalı olduğunu söyləyib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər