media-img-20260714-wa0015

Yay mövsümünün başlaması ilə insanlar təkcə istirahət planları deyil, həm də xarici görünüşləri barədə daha çox düşünməyə başlayırlar. Çimərlik mövsümü, daha açıq geyimlər və sosial şəbəkələrdə paylaşılan “ideal bədən” görüntüləri bir çox insanda öz görünüşü ilə bağlı narahatlıq yarada bilir. Bəs yay aylarında bu hisslərin artmasının əsas səbəbi nədir? Bu vəziyyətdə sosial şəbəkələrin təsiri nə dərəcədədir?

Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Klinik psixoloq, Ailə Terapevti Samirə Rəhimova bildirib ki, yayda açıq geyimlər, sosial müqayisə və daha yaxşı görünmək istəyi insanların xarici görünüşü ilə bağlı narahatlığını artırır:

“Həqiqətən də, yay mövsümündə bəzi insanlar görünüşlərinə qarşı həddindən artıq həssas olurlar. Bunun səbəblərindən biri odur ki, hava istiləşdikcə geyimlər açıq olur və bədən artıq əvvəlki kimi örtülü qalmır. Bu vəziyyətdə insan özünü daha qorunmasız hiss edir, çünki qışda paltar bir növ qoruyucu təbəqə rolunu oynayırdı. Üstəlik, ətrafdakıların da açıq geyindiyini görən şəxs istər-istəməz özünü başqaları ilə müqayisə etməyə başlayır və bu müqayisə onda kiçik bir narahatlıq yaradır – görəsən o, başqalarının gözündə necə görünür?
Bundan əlavə, yay mövsümünü aktiv tanışlıq dövrü kimi qəbul edən insanlar da az deyil. Onlarda instinktiv səviyyədə “daha yaxşı görünmək” istəyi oyanır. Lakin əsas məqam burasıdır ki, isti havada tərləmə, dərinin qızarması, ya da bədəndə şişkinliyi gizlətmək çətinləşir. İnsan bu anda hiss edir ki, görünüşünə nəzarət zəifləyib. Buna görə də o, qidalanmaya və idmana daha çox vaxt ayırmağa başlayır – bu əslində itirilmiş nəzarəti geri qaytarmaq cəhdidir”.

media-img-20260714-wa0011

Psixoloq qeyd edir ki,yay aylarında görünüşlə bağlı narahatlıqların artması əsasən sosial müqayisə və sosial medianın yaratdığı ideal görüntülərin psixoloji təsiri ilə əlaqədardır:

“Sosial şəbəkələrə gəlincə, onlar da bu gərginliyi xeyli artırır. Çoxu sosial şəbəkələrdə gördüyü mükəmməl bədənli, fit və parlaq dərili şəkilləri real həyatdakı insanlarla yox, məhz bu qeyri-real görüntülərlə müqayisə edir. Xüsusilə yay aylarında bu cür kontent daha çox olur və insan özünü natamam hiss etməyə başlayır. Sosial şəbəkə burada gücləndirici rolunu oynayır – mövcud olan təbii narahatlığı alıb daha da böyüdür. Həmçinin, bəyənmə və şərhlər də insanın başqaları tərəfindən necə qiymətləndirilməsinə dair həyəcanını artırır.
Amma qeyd etmək lazımdır ki, bu cür reaksiyalar o insanların özlərini sevməməyi ilə bağlı deyil. Bu, sadəcə olaraq ətraf mühitin və sosial medianın təsiri altında yaranan psixoloji müdafiə mexanizmidir. Və reallıq göstərir ki, bu hissləri yaşayan, yayda görünüşünə görə narahat olan çox sayda insanlar var”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər