Bu ölkədə uşaqların ChatGPT-dən istifadəsinə yaş məhdudiyyəti qoyulacaq
Avstraliyada yetkinlik yaşına çatmayan uşaqların ChatGPT-dən istifadəsinə məhdudiyyətlər qoyulacaq.
Patrul.az-ın məlumatına görə, “Yaşla Məhdudlaşdırılmış Məzmun Kodları” adlanan qaydaya əsasən, 18 yaşdan aşağı uşaqlar internetdə uyğun olmayan məzmuna daxil olmaq istədikdə onlardan yaş təsdiqi tələb olunacaq.
Həmin məzmuna zorakılıq, pornoqrafiya, özünə zərər, intihar və s. daxildir.
Yeni qaydada nəzərdə tutulan üsul video oyunları, pornoqrafik saytlar və süni intellekt chatbotlarına da tətbiq olunacaq.
Məhdudiyyətlə bağlı Avstraliyanın elektron təhlükəsizlik komissarı Culi İnman Qrant bildirib ki, uşaq intihar və ya özünə zərər barədə məlumat axtardıqda onun qarşısına yalnız xüsusi qaynar xətt məlumatı çıxarılacaq.
Məlumat üçün bildirək ki, Avstraliyada bu qayda ABŞ-də bəzi uşaqların süni intellekt chatbotlarının verdiyi tövsiyələr səbəbilə intihar etməsi və ya özlərinə zərər verməsi hallarından sonra gündəmə gətirilib.
Yeni qanunun bu həftə qüvvəyə minməsi planlaşdırılır.
Qeyd edək ki, Avstraliya 16 yaşdan kiçik uşaqların sosial media hesabları açmasını qadağan edən ilk ölkədir. Ölkədə uşaqları qorumaq məqsədilə tez-tez bu cür qərarlar verilir və bu istiqamətdə qanunlar qəbul edilir.
Gülbəniz Səfərova






