media-inshot_20260717_164649187

Son bir neçə ildə ölkəmizdə süni intellektin müxtəlif sahələrə və peşələrə sürətlə inteqrasiyasının şahidi oluruq. Ən əsası isə təhsil sistemimizdə qəbul edilən son qərarlar da onu göstərir ki, artıq həyatımıza süni intellekt əsaslı, rəqəmsallaşmış yeni bir mərhələ gəlir. Elm və Təhsil Nazirliyinin son qərarına əsasən, Azərbaycanda şagirdlər üçün köməkçi mentor funksiyasını yerinə yetirəcək süni intellekt əsaslı EduSLM platforması istifadəyə veriləcək. Məlumata görə, bu sistem şagirdlərin bilik səviyyəsini nəzərə alaraq onlara fərdiləşdirilmiş dəstək göstərəcək.

Maraqlıdır, bu yenilik təhsil sisteminə, xüsusilə də müəllimlərə hansı faydaları verəcək? Eyni zamanda, tətbiqi zamanı diqqət yetirilməli olan risklər və ya məhdudiyyətlər varmı?

Bununla bağlı təhsil eksperti Afərim Seyidova Patrul.az-a öz fikirlərini bölüşüb. Onun fikrincə, süni intellekt əsaslı EduSLM platforması müəllimlərin vaxt itkisini azaldacaq və onların şagirdlər üçün saatlarla hazırladıqları tapşırıqların tərtibini qısa zamanda həyata keçirməyə kömək edəcək:

“Süni intellekt həyatımıza o qədər daxil olub ki, onun təhsilə inteqrasiyasını düşünməmək mümkün deyil. Hazırda süni intellektlə bağlı mövzular universitetlərdə də tədris olunmağa başlayıb. Biz müəllimlər həm sovet təhsil sistemini, həm də müasir, şəxsiyyətyönümlü təhsil yanaşmasını görmüşük. Ona görə də bəzi müəllimlər üçün bu yenilikləri qəbul etmək çətindir. Yəni rəqəmsal texnologiyaların təhsilə inteqrasiyasını qəbul etmək müəllimlər üçün bir qədər çətindir”.

media-media-nazzzzzzzzzz-jz3ul6

Bu yeniliyi yüksək qiymətləndirən həmsöhbətimiz bildirib ki, platforma şagirdlərin bilik səviyyəsini də asanlıqla müəyyən edə biləcək:

“Rəqəmsallaşmanın təhsilə inteqrasiyasını yüksək qiymətləndirirəm. Bu qərar düzgün atılmış addımdır. Lakin süni intellekt əsaslı bu mentor platformasının istifadəyə verilməsi özündə bir sıra müsbət və mənfi cəhətləri də ehtiva edir. Bu platformanın üstün cəhəti ondan ibarətdir ki, müasir müəllimin işi ənənəvi müəllimdən daha çoxdur. Süni intellektin bu baxımdan bizə faydası nə ola bilər? Məsələn, müəllim şagirdin güclü və zəif tərəflərini müəyyən edir, ona fərdi yanaşır, özünəməxsus tapşırıqlar hazırlayır. Amma bu tapşırıqları tərtib edərkən müəllim çox vaxt itirir. Müəllim repetitorluq etməklə yanaşı, əlavə liseylərdə də çalışa bilər. Buna görə də hər şagirdin səviyyəsinə uyğun test tapşırıqları hazırlamaq çox çətindir. Lakin süni intellekt əsaslı platforma şagirdin müsbət və mənfi tərəflərini müəyyən edərək, ona uyğun tapşırıqların hazırlanmasında müəllimə dəstək olacaq. Amma burada yenə də aparıcı qüvvə məhz müəllimdir, onun rolu əvəzsizdir. Biz nə qədər desək də, müasir təhsil müəllim və şagirdin birgə fəaliyyətidir. Testlərin tərtibatında əsas istiqamətverici və nəzarətçi qüvvə müəllimin özü olacaq. Yəni süni intellektin apardığı təhlillər əsasında, alt standartlara uyğun hazırlanan tapşırıqlara mütləq müəllim özü də nəzarət etməlidir”.

A. Seyidova platformanın faydalı olduğunu vurğulasa da, müəllimin rolunun dəyişməz qalacağını da xatırladıb:

“Burada əsas məsələlərdən biri odur ki, bəziləri elə düşünə bilər ki, süni intellekt müəllimlərin yerini tutacaq. Amma bu belə deyil. Süni intellekt yalnız müəllimə dəstək ola biləcək bir vasitədir. O, müəllimin köməkçisi rolunu oynayır. Təsəvvür edin ki, sinifdə əlavə bir müəllim var və o, digər müəllimə materialların hazırlanması və proseslərin avtomatlaşdırılmasında kömək edir. Təbii ki, əsas bilik, bacarıq, dəyərlər, motivasiya və tərbiyənin formalaşdırılması müəllimin əlindədir. Süni intellekt bunların heç birini əvəz edə bilməz, şagirdin qəlbinə yol tapa bilməz. Amma bu layihə çərçivəsində müəllimlər mütləq maarifləndirilməlidirlər. Layihənin düzgün idarə olunması üçün məktəblər lazımi avadanlıqlarla təmin edilməlidir. Məsələn, bəzi məktəblər kompüterləşsə də, şagirdlərin onlardan istifadəsinə icazə verilmir. Buna görə də məktəblərdə rəqəmsal bacarıqlardan istifadə potensialı artırılmalı, müəllimlər isə müvafiq təlimlərə cəlb olunmalıdırlar.

Bu platforma müəllimin yerini tutmasa da, onun nəzarəti altında əlavə köməkçi vasitə kimi iş yükünün yüngülləşdirilməsinə və optimallaşdırılmasına kömək edəcək. Şagirdlərin potensialının üzə çıxmasına dəstək olacaq, hətta müəllim-valideyn münasibətlərinin tənzimlənməsinə də müsbət təsir göstərə bilər. Biz də bunu rəqəmsal texnologiyaların labüd inkişafı kimi qəbul etməliyik”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər