İcra sökdü, təmizləmədi: Mərdəkanda evlərin həyəti zibilliyə çevrildi - FOTOLAR
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qılman İlkin küçəsində sökülmüş iki evin həyəti zibilliyə çevrilib.
Bu barədə Patrul.az-a sözügedən ərazidə bağı yerləşən, yerli sakin Əlibəy Mirzəzadə məlumat verib.
Bildirib ki, Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri təxminən 4-5 ay öncə küçədə yerləşən iki sahibsiz həyət evini və çəpərləri uçursalar da, söküntüdən sonra ərazi təmizlənməyib.
Nəticədə ətraf sakinlərinin həmin evlərin həyətlərinə zibil atması ərazidə antisanitar vəziyyət yaradıb.
Ə. Mirzəzadə bildirib ki, o, bu zibillənmənin qarşısını almaq üçün öz büdcəsindən dəfələrlə vəsait ayırsa da, vəziyyət yenə əvvəlki hala qayıdıb:
“Bu rəzalətin qarşısını almaq üçün şəxsi büdcəmdən iki dəfə hər birinə 50 AZN ödəməklə zibilliyi təmizlətmişdim. Daha sonra isə 150 AZN xərcləyib çəpəri qismən bərpa etdim və zibillənmə dayanmışdı”.
Şikayətçinin sözlərinə görə, həmin çəpərin də icra nümayəndələri tərəfindən sökülməsi həyəti yenidən əvvəlki vəziyyətinə qaytarıb.
Vətəndaş aidiyyatı qurumlara müraciət edərək, uçurulan həyətlərin tam sökülməsini, sökülmüş materialların və zibillərin təmizlənməsini xahiş edir.
Qeyd edək ki, Ə, Mirəzadə yaxın günlərdə heç bir addım atılmayacağı təqdirdə, məsələnin hüquqi müstəvidə həlli üçün məhkəməyə müraciət edəcək.
Gülbəniz Səfərova






