Tərif eşidəndə niyə utanırıq? - Psixoloq səbəbləri açıqlayır
Tərif almaq əksər insanlar üçün xoş hiss yaratsa da, bəziləri kompliment eşidən kimi mövzunu dəyişir, bunu qəbul etməkdə çətinlik çəkir və ya özünü narahat hiss edir. Mütəxəssislər bildirirlər ki, bu reaksiyanın arxasında aşağı özünəinam, uşaqlıqdan formalaşan düşüncə tərzi, tənqidə alışmaq və özünü dəyərsiz görmə kimi müxtəlif psixoloji amillər dayana bilər. Bəs insan niyə xoş sözlər qarşısında belə narahat olur?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, tərifi rahat qəbul etmək sağlam özünəinamın göstəricisidir və səmimi komplimentə sadə bir “təşəkkür edirəm” demək bu bacarığın formalaşmasına kömək edə bilər:
“Tərif eşidərkən utanmaq və ya narahat olmaq əslində qeyri-adi hal deyil. Bunun arxasında bir sıra psixoloji mexanizmlər dayanır və hər bir insanın həyat təcrübəsi, özünüdəyərləndirməsi və şəxsiyyət xüsusiyyətləri ilə sıx bağlıdır. İlk növbədə, insanın özünə verdiyi dəyər mühüm rol oynayır. Əgər insan daxilən özünü kifayət qədər dəyərli hesab etmirsə, başqasının dediyi müsbət fikirlər onun daxili inancı ilə ziddiyyət təşkil edir. Beyin bu uyğunsuzluğu hiss etdikdə narahatlıq yaranır. İnsan “Mən buna layiq deyiləm” və ya “Onlar məni olduğumdan yaxşı görürlər” kimi düşüncələr keçirə bilər. Digər mühüm səbəb uşaqlıq dövründə formalaşan tərbiyə modelidir. Bəzi ailələrdə uşaqlara uğurlarını nümayiş etdirməyin, özləri haqqında müsbət danışmağın və ya tərif qəbul etməyin düzgün olmadığı aşılanır. “Lovğalanma”, “özünü göstərmə”, “təvazökar ol” kimi mesajlar zamanla insanın tərifi rahat qəbul etməsinə mane ola bilir. Nəticədə insan tərif eşidəndə özünü sıxılmış hiss edir”.

E.Rüstəmov qeyd edir ki, tərif qarşısında narahatlıq hissi həmişə problem əlaməti deyil, lakin bu hal insanın gündəlik münasibətlərinə və özünəinamına təsir edirsə, onun səbəblərini araşdırmaq faydalıdır:
“Bəzən bu vəziyyət impostor sindromu ilə də əlaqəli olur. Belə insanlar əldə etdikləri uğurları öz bacarıqları ilə deyil, təsadüf və ya şansla izah edirlər. Onlar qorxurlar ki, ətrafdakılar bir gün “əslində düşündüyümüz qədər bacarıqlı deyilmiş” qənaətinə gələcəklər. Buna görə də tərif almaq onlar üçün sevinc yox, əlavə məsuliyyət və gərginlik yaradır. Şəxsiyyət xüsusiyyətləri də təsirlidir. Daha utancaq, introvert və ya sosial narahatlığı yüksək olan insanlar diqqət mərkəzinə düşməyi sevmirlər. Tərif isə istər-istəməz insanı diqqət mərkəzinə gətirdiyi üçün bu vəziyyət onlarda diskomfort yarada bilir. Mədəniyyət amili də nəzərə alınmalıdır. Cəmiyyətimizdə təvazökarlıq yüksək qiymətləndirilən xüsusiyyətdir. Buna görə də bəzi insanlar tərifi qəbul etsələr belə, bunu açıq şəkildə göstərməməyi üstün tuturlar. Bu, bəzən yanlış olaraq özünəinamın aşağı olması kimi qiymətləndirilir, halbuki mədəni davranış modeli də burada rol oynayır”.
Psixoloq sonda vurğulayır ki, insan öz dəyərini daha sağlam qəbul etdikcə, səmimi tərifləri qəbul etmək də zamanla daha rahat və təbii hala gəlir:
“Bununla yanaşı, tərifin necə verilməsi də vacibdir. Səmimi, konkret və insanın əməyinə yönəlmiş təriflər daha rahat qəbul edilir. Şişirdilmiş və ya qeyri-səmimi görünən təriflər isə əksinə, narahatlıq yarada bilər. Psixoloji baxımdan sağlam yanaşma odur ki, insan tərifi nə şişirtsin, nə də inkar etsin. Sadə bir “Təşəkkür edirəm” demək kifayətdir. Bu, nə lovğalıqdır, nə də özünü ön plana çıxarmaq. Əksinə, görülən əməyə və qarşı tərəfin xoş niyyətinə hörmətin ifadəsidir.
Ümumilikdə, tərif qarşısında utanmaq və ya narahat olmaq psixoloji pozuntu deyil. Lakin bu hiss insanın peşəkar inkişafına, sosial münasibətlərinə və özünəinamına davamlı şəkildə mənfi təsir göstərirsə, artıq bunun arxasında duran səbəblərin psixoloq tərəfindən qiymətləndirilməsi faydalı ola bilər. Bu halda məqsəd insanı daha çox tərif almağa öyrətmək deyil, öz dəyərini daha real və sağlam şəkildə qəbul etməsinə kömək etməkdir”.
Cəmilə Cəfərzadə






