media-inshot_20260717_180849494

Meyvə və tərəvəzlərin bol və keyfiyyətli məhsul verməsi üçün fermerlər zərərvericilərə və xəstəliklərə qarşı pestisidlərdən istifadə edirlər. Lakin bu kimyəvi maddələrin normadan artıq tətbiqi məhsullarda insan sağlamlığı üçün risk yarada biləcək qalıqların qalmasına səbəb ola bilər.
Bazarlarda və marketlərdə satılan meyvə-tərəvəzlər laboratoriya yoxlamasından keçirilirmi? Pestisid qalıqları necə müəyyən edilir?

Mövzu ilə bağlı sağlam qida mütəxəssisi Asim Vəliyev Patrul.az-a fikirlərini bölüşüb:

“Meyvə və tərəvəzlərdə pestisid qalıqları mövzusu uzun zamandır müzakirə olunur, narahat olunacaq haldır. Marketlərdə, meyvə – tərəvəz satış yerlərində satılan meyvə-tərəvəzlər qanunvericiliyə uyğun olaraq laboratoriya yoxlamalarından keçirilməlidir. Azərbaycanda qida təhlükəsizliyinə nəzarəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir. Satış yerlərində mütəmadi olaraq nümunələr götürülür. AQTA-nın tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun akkreditə olunmuş laboratoriyalarında yoxlanılır. Hər bir pestisid növü üçün beynəlxalq standartlarına əsasən icazə verilən maksimum qalıq həddi var. Əgər laboratoriya analizində bu hədd aşılarsa, həmin məhsul partiyasının satışı qadağan edilir və dövriyyədən çıxarılır. Əksəriyyətlə böyük marketlər və mərkəzi bazarlar bu nəzarətə birbaşa tabe olsa da, yol kənarlarında, qeyri-rəsmi küçə ticarəti obyektlərində satılan məhsulların laboratoriya nəzarətindən kənarda qalma riski yüksəkdir”.

media-img-20260504-wa0022

Mütəxəssis qeyd edib ki, pestisidləri gözlə görmək, qoxlamaq və ya dadmaqla müəyyən etmək mümkün deyil:

“Yalnız xüsusi cihaz analizləri ilə tapılır.
Ev şəraitində pestisidləri tam təmizləmək mümkün olmasa da, onların səthdəki miqdarını azaltmaq mümkündür. Bir çoxumuz sirkəli sudan istifadə edirik. Amma qələvi mühit pestisidlərin parçalanmasında daha effektivdir. Bir litr suya bir xörək qaşığı çörək sodası əlavə edib, meyvə-tərəvəzləri bu suda 12–15 dəqiqə saxlamalıyıq. Daha sonra isə su ilə yaxşıca yumalıyıq. Sərt qabıqlı məhsulları təmiz qida fırçası ilə axar suyun altında sürtərək yuya bilərik. Qabığı soyaraq yemək də qismən təhlükəni azaldır”.

“İstixana şəraitində, mövsümündən kənar yetişdirilən məhsullarda xəstəlik riski çox olduğuna görə onlara daha çox pestisid vurulur. Ən yaxşı seçim mövsümündə qəbul etməkdir. Meyvə və tərəvəzləri yumazdan əvvəl, ya da yuduqdan sonra əlimizi mütləq sabunla təmizləməliyik. Kəsim taxtalarını, bıçaqları təmizləməliyik ki, çarpaz çirklənmə baş verməsin”,- deyə o, fikirlərini yekunlaşdırıb.

Ləman Sərraf


Bənzər xəbərlər