Düz hərəkət zolağını bağlayan “Range Rover" sürücüsü narazılıq yaratdı - VİDEO
Patrul.az redaksiyasına göndərilən videogörüntüdə 77-RP-707 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozduğu iddia olunur.
İddiaya görə, hadisə 14.07.2026-cı il tarixində, saat 19:15 radələrində Nəcəfqulu Rəfiyev küçəsi ilə Xocalı prospektinin kəsişməsində baş verib.
Videogörüntünü göndərən vətəndaş bildirir ki, sürücü Nəcəfqulu Rəfiyev küçəsindən sola, Xocalı prospektinə dönmək üçün nəzərdə tutulmuş zolaqda gözləyərkən avtomobilini elə saxlayıb ki, düz istiqamətdə hərəkət üçün ayrılmış zolağın qarşısını kəsib. Nəticədə yaşıl işıq yandıqdan sonra düz istiqamətdə hərəkət edən digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaranıb.
Qeyd olunur ki, həmin hissədə üç hərəkət zolağı mövcuddur. Onlardan ikisi düz istiqamətdə hərəkət, sol zolaq isə yalnız sola, Xocalı prospekti istiqamətinə dönüş üçün nəzərdə tutulub. Hərəkət işıqfor vasitəsilə tənzimlənir. İddiaya əsasən, düz istiqamət üzrə yaşıl işıq yandığı halda, sola dönmək üçün gözləyən “Range Rover” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini elə vəziyyətdə saxlayıb ki, digər hərəkət iştirakçılarının hərəkətinə maneə yaradıb.
Patrul.az məsələ ilə bağlı görüntülərin aidiyyəti qurumlar tərəfindən araşdırılmasını və sürücünün hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş edir.






