Bu xəstəliyə sahib insanlar yeməkdən imtinanı gözəlliyə gedən yeganə yol kimi görür -ARAŞDIRMA
“Gözəllik qurban tələb edir” – bu ifadə bəzən həyatı bahasına başa gəlir. Müasir dövrün görünməyən faciələrindən biri də anoreksiya nervozadır. Mediada, filmlərdə, podiumlarda gördüyümüz incə və ideal bədən obrazı bir çox insan, xüsusilə də yeniyetmə qızlar üçün ölümə aparan bir yolun başlanğıcı olur. Çəkidən, kökəlməkdən qorxan, hər loxmadan vicdan əzabı çəkən, öz bədənini düşmən kimi görən insanlar getdikcə artmaqdadır. Bu xəstəliyə tutulan insanlar özlərini bilərəkdən ölümə aparırlar. Statistikalar da göstərir ki, bu psixoloji xəstəlik dünyada ən ölümcül qidalanma pozuntusudur.
Bəs anoreksiya nervoza nədir, kimlərdə yaranır, nə kimi fəsadlara yol açır və ondan qurtulmaq mümkündürmü? Gəlin bu suallara birlikdə cavab axtaraq.
Patrulaz.az-ın araşdırmasına görə, Anoreksiya nervoza qidalanma pozuntusu olmaqla yanaşı, həm də güclü psixoloji problemdir.
Bu xəstəliyə tutulan insanlar öz bədənlərini olduğundan kök görür, yeməkdən imtina edir, arıqlamaq üçün ağır fiziki məşqlərə, işlədici dərmanlara və hətta özlərini qusdurmağa belə əl atırlar. Onlar üçün “arıqlamaq” sadəcə vizual dəyişiklik deyil, həyatın mərkəzinə çevrilmiş psixoloji məcburiyyətdir.
Əlamətləri hansılardır?
Anoreksiya təkcə arıqlamaq istəyi deyil, bu, həyat tərzinə çevrilən təhlükəli vərdişlər toplusudur. Ən çox müşahidə edilən əlamətlər aşağıdakılardır:
– Kökəlməkdən həddən artıq qorxu
– Bədən çəkisinin normalın altına düşməsi
– Gündəlik həyatın diyetalar, kalori hesablamaları və güzgü qarşısında keçməsi
– Aybaşı pozuntuları və cinsi istək itkisi
– Davamlı tərəziyə çıxmaq, yeməkdən sonra qusma, imalə və ya işlədici dərmanlardan istifadə
– Depressiya, panik atak, özünə inamsızlıq, tənhalıq hissi
Bu xəstəliyə daha çox kimlər tutula bilər?
Anoreksiya nervoza ən çox 14-18 yaş arası yeniyetmə qızlar arasında yayılmışdır. Amma bu xəstəlik təkcə cinsiyyət və yaşa bağlı deyil. Xüsusilə model, aktrisa, rəqqasə, idmançı kimi bədən formasının ön planda olduğu peşə sahiblərində daha çox rast gəlinir. Araşdırmalara görə, xəstəliyin yaranmasında genetik meyillik, travmalar, mədəni gözəllik standartları və ailə-mühit təzyiqləri əsas rol oynayır. Sosial mediada “filtrli gözəllik” anlayışı da bu təhlükəli gedişata benzin tökür.
Anoreksiya xəstəliyi hansı fəsadlara yola aça bilər?
Anoreksiya insanın həm bədənini, həm də psixikasını tükəndirir. Uzun müddət davam edən qidalanma məhdudiyyəti orqanizmin əsas sistemlərini sıradan çıxarır. Təəssüf ki, anoreksiya nervoza psixiatriyada ölümə ən çox səbəb olan xəstəlik hesab olunur. Sadəcə bir “pəhriz” kimi başlayan bu problem, əgər vaxtında müalicə olunmazsa, həyatla vidalaşma ilə nəticələnə bilər. Onun əsas fəsadları sırasına ürək çatışmazlığı; hormonal pozğunluğu; sümük əriməsi; menstruasiya dayanması (amenoreya); elektrolit balansının pozulması; böyrək və qaraciyər funksiyalarında zəifləmə; depressiya, panik atak, intihar riski; qəfil ürək dayanması nəticəsində ölüm daxildir.
Psixiatriyada ən çox ölümə səbəb olan xəstəlik məhz anoreksiya nervozadır.
Anoreksiya olan insanlar necə davranır?
Bu xəstəliyi olan şəxslər yeməklərin tərkibini incələyir, özlərinə xüsusi pəhriz siyahıları hazırlayır. Kalorini yandırmaq üçün fasiləsiz idmanla məşğul olur. Gündə bir neçə dəfə tərəziyə çıxır. Arıq bədənlərinə baxmayaraq “kökəm” deyə israr edirlər. Öz bədənlərini cəzalandırmağa meylli olurlar. Yeməkdən sonra vicdan əzabı çəkərək onu çıxarmaq (qusma) yolu ilə “özünü rahatlaşdırırlar”.
Bu xəstəlik daha çox hansı səbəblərdən yaranır?
Anoreksiya nervozanın yaranma səbəbləri müxtəlifdir. Buraya genetik meyillər, travmalar, ətrafın sosial təsiri, psixoloji təsirlər və s aiddir.
Genetik meyl – ailəsində qidalanma pozuntusu olanlarda risk daha yüksəkdir
Travma – zorakılıq, cinsi istismar, ciddi emosional sarsıntılar
Sosial təsirlər – gözəlliyin “arıqlıq” ilə eyniləşdirildiyi mühitlər
Psixoloji faktorlar – özünü dəyərsiz hiss etmə, aşağı özünə hörmət, mükəmməllik duyğusu
Həmyaşıd təzyiqi – məktəb və sosial çevrədə görünüşə görə alçaldılma, sataşma
Anoreksiyanın müalicəsi varmı?
Anoreksiya nervoza yalnız pəhrizlə və ya vitaminlə aradan qalxan sadə qidalanma problemi deyil. Bu xəstəliyin müalicəsi çoxşaxəli və mərhələli şəkildə aparılmalıdır. İlk mərhələdə xəstə tibbi yoxlanışdan keçirilir, bədən çəkisi, qan dəyərləri, ürək ritmi, hormonal sistemin fəaliyyəti təhlil olunur. Bu göstəricilər xəstəliyin ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün əsasdır. Sonrakı mərhələdə psixoterapiya, xüsusilə koqnitiv-davranış terapiyası tətbiq olunur. Bu mərhələdə xəstənin bədən imici, yemək vərdişləri və düşüncə tərzi üzərində işlənir. Xüsusilə yeniyetmələrdə, ailə dəstəyi müalicənin ayrılmaz hissəsidir. Bu proses “ailə terapiyası” adlanır və xəstənin sağalmasında mühüm rol oynayır. Bəzi hallarda antidepressantlar və digər psixiatriya dərmanları da müalicəyə əlavə olunur. Əgər xəstəlik ağırdırsa və xəstənin həyatı risk altındadırsa, o zaman xəstəxana şəraitində stasionar müalicə və daimi tibbi nəzarət tələb olunur.
Anoreksiya nervoza təkcə qidalanma ilə bağlı pozuntu deyil, bu, cəmiyyətin, medianın və bəzən ailənin fərd üzərində yaratdığı görünməz təzyiqin nəticəsidir. Həyatın dəyəri çəkidə deyil. Gözəllik sağlam bədəndə, güclü psixikada və balanslı düşüncədədir.






