“Crocus City Hall”da terror törədənlərə ömürlük həbs cəzası verildi
“Crocus” terror aktı ilə bağlı məhkəmə hökmü elan olunub.
Patrul.az xəbər verir ki, qərar Moskva Şəhər Məhkəməsində açıqlanıb. Terror aktı ilə bağlı iş üzrə ümumilikdə 19 nəfər təqsirləndirilən şəxs qismində keçib.
Onlardan dördü – Dalercjon Mirzoyev, Saidəkrəmi Rəcəbəlizoda, Şamsidin Fəriduni və Məhəmmədsobir Fayzov terror aktının birbaşa icraçıları kimi ömürlük azadlıqdan məhrum ediliblər.
Məhkəmənin qərarına əsasən, terror aktının hazırlanmasında və təşkilində iştirak edən daha 11 nəfər də ömürlük həbs cəzasına məhkum edilib.
Məlumata görə, Xusen Medov və Cəbrail Auşev siqnal silahını döyüş silahına çevirərək hücum zamanı istifadə olunmasına şərait yaradıblar. Şaxromdjon Qadoyev, Zubaydullo İsmoilov, Xuseyn Hamidov və Soliyev qardaşları – Umedjon və Mustakim isə silah və patronları terror aktının icraçılarına çatdırıblar.
Digər şəxslər – Yakubdjoni Davlatxon Yusifzoda, Nazrimad Lutfulloi, Cumaxon Kurbonov və Məhəmməd Zoir Şaripzoda isə terror aktının hazırlanması üçün maliyyə vəsaitlərinin köçürülməsində iştirak ediblər.
Terrorçulara ağ rəngli “Renault Logan” avtomobilini satan Alişer Kasimov 22 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Terrorçulara mənzil kirayə verən və avtomobil təqdim edən İslomovlar ailəsinin üzvləri – Dilovar, onun qardaşı Aminçon və atası İsroil isə 19 il 11 ay həbs cəzasına məhkum ediliblər.
Məhkəmə həmçinin prokurorluğun tələbi əsasında hər bir məhkum barəsində 990 min rubl məbləğində cərimə tətbiq olunmasına qərar verib.
Qeyd edək ki, adı çəkilən şəxslər Rusiyanın maliyyə monitorinqi qurumu tərəfindən terrorçu və ekstremistlər siyahısına daxil edilib.
Xatırladaq ki, Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da 2024-cü il martın 22-də törədilən terror aktı nəticəsində 149 nəfər həlak olub, 600-dən çox şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.







