Dəyişən hava, artan müraciətlər - Psixoloqdan TÖVSİYYƏ
Aprel ayında hava şəraitindəki tez-tez dəyişikliklər, xüsusilə də geomaqnit qasırğaları bəzi insanlar üçün ciddi psixoloji və fiziki narahatlıqlara yol aça bilər. Martın 16-dan etibarən G1 və G2 səviyyəli geomaqnit qasırğalarının gözlənildiyinə dair müvafiq qurumlar tərəfindən xəbərdarlıqlar edilib. Belə təbii hadisələr meteohəssas insanların səhhətinə birbaşa təsir edir, xüsusilə ürək-damar, tənəffüs və nevroloji problemlər yaşayan şəxslərdə gərginlik, narahatlıq, yuxusuzluq və əhval dəyişikliyi kimi əlamətlər müşahidə olunur. Məsələyə aydınlıq gətirən psixoloq Aytən Ələkbərova belə vəziyyətlərdə meteohəssas insanların nə etməli olduqları ilə bağlı Patrulaz.az-a öz tövsiyələrini bölüşdü:
“Geomaqnit qasırğalarının təsiri, xüsusilə həssas, ürək-damar xəstəliklərindən əziyyət çəkən, nevrotik və psixosomatik dəyişkənlik yaşayan insanlarda daha qabarıq şəkildə özünü büruzə verir. Meteohəssaslıq adətən ürək-damar sistemi və bronxial astma kimi xroniki xəstəliklərə sahib insanlarda müşahidə olunur. Bu kateqoriyaya daxil olan şəxslər hidrometeoroloji proseslərdə baş verən dəyişikliklərə qarşı xüsusilə həssas olurlar.
Belə insanlar soyuq və küləkli havalarda küçəyə çıxarkən küləyə qarşı deyil, onun əks istiqamətində hərəkət etməlidirlər. İnfarkt keçirmiş şəxslər üçün isə tüstülü, çirkli, küləkli hava son dərəcə təhlükəlidir. Bu tip havalarda geomaqnit qasırğaları mövsümə uyğun olaraq fərqli şəkildə hiss edilir. Məsələn, isti aylarda bu təsirlər daha çox duman formasında müşahidə olunur. İnsan bu görüntülərə baxarkən adətən film səhnəsini izləyirmiş kimi hisslərə qapılır. Bu isə bəzi şəxslərdə “boğuluram”, “tüstünün içində gedirəm” kimi hisslərlə nəticələnir. Əslində isə bu, reallıqdan daha çox onların təxəyyülünün formalaşdırdığı psixoloji yükdür. Beyin bu prosesi 2-3 dəfə daha gərgin yaşadığından, nəticədə psixosomatik reaksiyalar artır və emosional vəziyyət daha da ağırlaşır. Bu halların qarşısını almaq üçün mütəxəssislər həmin insanları əyləncə və pozitivliyə yönəltməyi tövsiyə edirlər. Hətta evdən çıxmadan belə, ev daxilində xoş atmosfer yaratmaq, sevdikləri insanlarla ünsiyyət qurmaq onların vəziyyətinə müsbət təsir göstərə bilər.
Xüsusilə endogen depressiyadan əziyyət çəkən insanlar belə dövrlərdə daha çox antidepressant qəbul edərək yuxu ilə bu vəziyyəti əvəzləməyə çalışırlar. Lakin bu, problemin həllindən daha çox onu gecikdirə və dərman asılılığını artıraraq vəziyyəti ağırlaşdıra bilər”.
Psixoloq həmçinin bildirir ki, son üç gündə hava şəraiti ilə bağlı psixoloji narahatlıqlar səbəbindən müraciət edənlərin sayı xeyli artıb:
“Hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq, son 3 gündə bizə müraciət edənlərin sayında artım olub. Bu səbəbdən psixoloji dəstək verərkən fərdlərin şəxsi xüsusiyyətləri nəzərə alınır və ona uyğun yanaşma tətbiq edilir. Bu cür fərdi yanaşma isə nəticə etibarilə daha müsbət təsir göstərir. Ümumilikdə isə meteohəssas insanlar belə günlərdə özlərini daha yaxşı hiss edəcəkləri, ruhlarına müsbət təsir edən fəaliyyətlərlə məşğul olmalı, pozitiv hissləri artıracaq kiçik də olsa xoş anlardan istifadə etməlidirlər.
Nəticədə, bu addımlar onların belə qısa müddətli meteohəssas vəziyyətləri daha yüngül keçirməsinə kömək edəcək”.
Aydın şəkildə görünür ki, geomaqnit qasırğaları və tez-tez dəyişən hava şəraiti insan psixikasına və fiziki sağlamlığına ciddi şəkildə təsir göstərir. Bu təsirlər xüsusilə də həssas və xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda daha qabarıq şəkildə biruzə verir və gündəlik həyatlarına birbaşa təsir edir. Psixoloq Aytən Ələkbərovanın da vurğuladığı kimi, belə dövrlərdə emosional sabitliyi qorumaq, pozitiv düşüncə tərzi formalaşdırmaq, sevdikləri insanlarla ünsiyyətdə olmaq və ruhu rahatladacaq məşğuliyyətlərə yönəlmək bu vəziyyətin yüngülləşdirilməsində mühüm rol oynayacaq. Hər kəsin fərdi psixoloji xüsusiyyətləri nəzərə alınaraq uyğun dəstək və yanaşma tətbiq edildikdə, belə keçici vəziyyətlər daha asanlıqla aşıla bilər.
Gülbəniz Səfərova