media-retouch_2025070813594513

Ölkəmizdə son zamanlar hava temperaturu tez-tez dəyişir. İsti havalar soyuq keçir, sərin havalar isə birdən-birə isinir. Havanın qeyri-sabit və dəyişkən olması insanların təkcə səhhətinə deyil, psixologiyasına da mənfi təsir göstərir. Xüsusilə, bu cür havalarda meteohəssas insanlar daha çox əziyyət çəkir.

Bəs bu təsirlərdən qorunmaq üçün nə etmək lazımdır?

Bu barədə Patrulaz.az-a fikirlərini bölüşən psixoloq Zeynəb Əyyubova hava dəyişikliyinin insan psixologiyasına vurduğu əsas mənfi təsirlərdən və onlara qarşı psixoloji müdafiə yollarından danışdı:

“Yay aylarında havaların ani şəkildə dəyişməsi – məsələn, bir gün çox isti, ertəsi gün küləkli və ya rütubətli olması insan psixikasında müəyyən narahatlıqlar yarada bilir. Əslində bir çoxumuz fərqində olmadan emosional olaraq bu dəyişikliklərə reaksiya veririk. Hava şəraiti təkcə fiziki deyil, eyni zamanda psixoloji vəziyyətə də birbaşa təsir edir.

Bədənimizdə serotonin, melatonin kimi hormonların səviyyəsi gün işığına, temperatur dəyişikliklərinə bağlı şəkildə dəyişir. Bu hormonlar isə əhval-ruhiyyə, yuxu, enerji səviyyəsi və ümumi emosional sabitliklə sıx bağlıdır. Məsələn, uzun müddət isti və rütubətli hava insanı fiziki olaraq yorğun, psixoloji olaraq isə tez qıcıqlanan, narahat və hətta səbəbsiz yerə kədərli edə bilər”.

media-hq720

Psixoloq havaların dəyişməsi ilə insanlarda ən çox müşahidə olunan psixoloji təsirləri də sadaladı:

“Əsas müşahidə olunan psixoloji təsirlər bunlardır:

Əhvalın tez dəyişməsi – İnsanda gün ərzində bir neçə dəfə əhval eniş-çıxışları müşahidə oluna bilər.

Diqqət və konsentrasiyanın azalması – Əsasən yüksək temperatura bağlı olaraq zehni yüklənmə və fikri cəmləməkdə çətinlik yaranır.

Yuxu pozuntusu – Gecələr havanın isti olması, bədənin dincəlməsinə mane olur, bu da emosional gərginliyə yol açır.

Həddindən artıq yorğunluq və əsəbilik – Hava bədəndə enerji tükənməsinə səbəb olur və insanlar daha az dözümlü olurlar.

İlk olaraq, hər bir şəxs öz bədənini və emosional vəziyyətini dinləməyi öyrənməlidir. Məsələn, əgər hiss edirsinizsə ki, hava dəyişəndə daha tez yorulursunuz və ya səbəbsiz gərgin olursunuz, bu artıq psixikanın siqnalıdır ki, nəsə dəyişməlisiniz”.

Z. Əyyubova bu cür hava şəraitində insanların necə davranmalı olduqlarını da qeyd etdi:

“Tövsiyə edilən əsas psixoloji müdafiə yolları bunlardır:

Günlük rejimin (yatmaq, oyanmaq, qidalanmaq saatlarının) stabil olması psixikanın hava dəyişikliklərinə qarşı daha dözümlü olmasına kömək edir. Beynin və bədənin balansda qalması üçün sadə görünən bu amillər böyük rol oynayır. Səhər saatlarında və ya axşam sərinlikdə gəzinti həm sinir sistemini sakitləşdirir, həm də enerjini bərpa edir.

Bunun üçün nəfəs məşqləri, meditasiya, pozitiv özünü dialoq və rahatladıcı musiqi çox effektlidir. Bəzən sadəcə bir dostla danışmaq və ya ailə ilə birlikdə vaxt keçirmək belə stresin qarşısını ala bilər.

Temperaturun təsiri daha çox emosional həssas insanlar, psixoloji gərginlik yaşayanlar və psixoloji tarazlığı zəif olan şəxslərdə özünü daha kəskin göstərir. Bu insanlar üçün peşəkar psixoloqla dəstək prosesinə başlamaq faydalı ola bilər. Hava dəyişir, bu bizim nəzarətimizdə deyil, amma ona reaksiyamız bizim seçimimizdir. Özünü anlamaq və qorumaq hər fəsildə önəmlidir.

Havanın isti və dəyişkən olması insanın yalnız fiziki deyil, emosional və zehni durumuna da ciddi təsir göstərir. Əgər bu vəziyyət davamlı hal alırsa və insanın gündəlik fəaliyyətinə mane olursa, artıq bu, sadəcə “hava dəyişdi” məsələsi deyil, diqqət yetirilməli psixoloji vəziyyətə çevrilir. Buna görə də hər bir fərd, xüsusən də psixoloji cəhətdən daha həssas insanlar yay aylarında öz psixoloji rifahlarına xüsusi diqqət göstərməlidirlər. Unutmayaq ki, özümüzü qorumaq, emosional balansı saxlamaq həm ətrafımız, həm də sağlamlığımız üçün vacibdir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər