media-inshot_20260305_085700280

Birləşmiş Millətlər Təşkilatı İsrail və ABŞ-nin İrana qarşı başlatdığı əməliyyatdan sonra paytaxt Tehranı tərk edənlərin sayını açıqlayıb.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) tərəfindən verilən son məlumata görə, 2026-cı ilin mart ayının əvvəlində başlayan hərbi əməliyyatların ilk iki günündə təxminən 100.000 insan Tehranı tərk edib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Babar Baloçun sözlərinə görə, hər gün paytaxtdan 1000-2000 arasında nəqliyyat vasitəsi çıxır. Sakinlərin əksəriyyəti daha təhlükəsiz hesab edilən şimal istiqamətinə üz tutur.

Hazırda qonşu ölkələrlə sərhədlərdə kütləvi axın müşahidə olunmasa da, BMT rəsmisi vəziyyəti “qeyri-sabit və dəyişkən” kimi qiymətləndirib.

Münaqişə təkcə İranda deyil, Livanda da ciddi yerdəyişmələrə səbəb olub. Livanda artıq 30.000-dən çox insan evlərini tərk edərək sığınacaqlara yerləşib.

BMT rəsmiləri regionda onsuz da milyonlarla qaçqının (xüsusilə əfqan və suriyalıların) olduğunu və yeni münaqişənin humanitar imkanları üstələyə biləcəyini vurğulayırlar.

Gülbəniz Səfərova


Bənzər xəbərlər