media-inshot_20260312_091211537

“Biz qalib gəldik. Sizə təkrar deyirəm, biz qalib gəldik”.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İranla davam edən müharibənin 13-cü günündə deyib.

Tramp İranın bütün nüvə potensialını məhv etdiklərini iddia edib:

“Gecəyarısı “Çəkic əməliyyatı” ilə İranın nüvə potensialını tamamilə məhv etdik. Artıq onların nüvə potensialı yoxdur. Amma onlar bunu yenidən başlatmağa çalışırlar. Buna görə də işi tamamilə başa çatdırmalıyıq”.

ABŞ lideri daha sonra İranda başladılan əməliyyatların iş bitənə qədər davam edəcəyini əlavə edib:

“İran ABŞ hücumlarında nə baş verdiyini belə başa düşməyib. Onlar belə bir şey gözləmirdilər. Hərbi əməliyyatımız davam edir. İran donanmasına məxsus 58 gəmini vurduq. İranda başladığımız işi bitirənə qədər geri qayıtmayacağıq. Hər il İrana qayıtmaq istəmirik”, – deyə o qətiyyətlə vurğulayıb.

Tramp müharibənin ABŞ-nin xeyrinə yaxşı getdiyini deyib:

“Müharibə indiyə qədər görülən ən yaxşı şəkildə aparılır. Digər ölkələr də bunu deyir. Böyük ölkələr, güclü ölkələr əvvəllər heç vaxt belə bir şey görmədiklərini bildiriblər. Onlar mənim etdiklərimlə razıdırlar. Deyirlər ki, bu, pis və şər ölkədir”.

Tramp İran hakimiyyətində necə bir lider görmək istədiyini də vurğulayıb. O bildirib ki, müharibə daha da şiddətlənərsə, İranın elektrik gücünü bir saat ərzində məhv edə bilərlər:

“Onların nə donanması, nə hava qüvvələri, nə zenit topları, nə də idarəetmə sistemləri var. Nə vaxt dayanacağıq? Bunun yenidən böyüməsinə imkan vermək istəmirik. İdeal olaraq, orada nə etdiyini bilən birini görmək istərdik. Başqa sözlə, ölkə qura bilən birini. Başqa bir məsələ də var. Tehranın bəzi yerlərinə və digər bölgələrə zərbə endirə bilərik. Bunu etsək, onların ölkəni yenidən qurması demək olar ki, mümkünsüz olar. Amma biz bunu etmək istəmirik. Lakin onların elektrik infrastrukturuna zərbə endirə bilərik. İranın elektrik gücünü bir saat ərzində məhv edə bilərik və onu yenidən qurmaq üçün 25 il lazım olacaq. Ona görə də ideal olaraq bunu etməyəcəyik”.

Xatırladaq ki, İsrail və ABŞ fevralın 28-də Tehran və Vaşinqton administrasiyaları arasında danışıqlar davam edərkən İrana hərbi hücuma başlayıblar.

İran isə buna cavab olaraq İsrailə, eləcə də ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn də daxil olmaqla bir neçə regional ölkədə müəyyən etdiyi hədəflərə zərbələr endirib.

Hər üç tərəf arasında qarşıdurma fevralın 28-də ABŞ və İsrailin Tehranda Ali dini lider Ayətullah Əli Xameninin evinə zərbə endirməsi ilə daha da şiddətlənib. İran ordusu Ayətullahın öldürülməsinə cavab olaraq intiqam əməliyyatlarına başlayıb.

Məlumata görə, ABŞ və İsrailin hücumları nəticəsində İranda ölənlərin sayı 1332 nəfərə çatıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər