Kamera qarşısında oynadılan “makiyajlı körpələr”: "Like” naminə uşaqların uşaqlığı əlindən alınır
Son illərdə azyaşlı uşaqların böyüklər kimi bəzədilərək sosial şəbəkələrdə paylaşılması cəmiyyətdə ciddi müzakirələr doğurur; mütəxəssislər bunun uşaqların psixoloji inkişafına, özünə dəyər hissinə və şəxsiyyət formalaşmasına təsir edə biləcəyini vurğulayır.
Bəs bu cür yanaşma uşağın gələcək psixoloji vəziyyətinə necə təsir göstərir?
Bu barədə uşaq psixoloqu Aygül Məlikova Patrul.az-a öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, uşağın dəyərinin sosial media bəyənmələrinə bağlanması onun emosional inkişafını pozaraq özünə inamını zəiflədir:
“Özünə dəyər hissinin xaricə bağlanması ilə əlaqəlidir bu məsələ, əslində bir tərəfdən. Uşaq daim bəyənilən, “gözəl görünən” şəkillərlə təqdim olunursa, onun özünə dəyəri daxildən deyil, xarici reaksiyalardan asılı formada formalaşa bilər. “Məni sevirlər, çünki gözəlim; bəyənilməsəm deməli kifayət deyiləm, yaxşı deyiləm” kimi düşüncələr yaranır və bu da gələcəkdə təsdiqə həddindən artıq ehtiyac, özünü başqaları ilə müqayisə etmə və sosial mediaya asılılıq yarada bilər.
Bu yanaşma uşaqların emosional inkişafına da mənfi təsir göstərir. Erkən böyükləşdirmə, uşağın yaşına uyğun olmayan şəkildə makiyaj, poza və geyimlə təqdim edilməsi onun inkişaf mərhələsini qarışdıra bilər. Nəticədə uşaq öz yaşına uyğun davranmaqda çətinlik çəkir, “uşaq olmaq” təbii ehtiyacını sıxışdırır və rol qarşıdurması yaranır. Uşaq “mini-böyük” rolunu qəbul edə bilər”.

A.Məlikova qeyd edir ki, uşağın görünüşə həddindən artıq fokuslanması onun özünü dərk etməsini zəiflədir, daxili dəyər hissini azaldır və gələcəkdə şəxsi sərhədlərini qorumaqda çətinlik yarada bilər:
“Belə hallarda uşaq bədəninə və görünüşünə həddindən artıq fokuslana bilər. Bu isə diqqətin daxili keyfiyyətlərdən çox xarici görünüşə yönəlməsinə səbəb olur və risklər artır. Öz bədənindən narazılıq, erkən yaşda komplekslər, “mükəmməl görünməliyəm” düşüncəsi uşağın özü ilə bağlı dəyər hissinə mənfi təsir göstərir. Bu, “performans uşaqlığı” sindromu yarada bilər.
Uşaq real özü olmaq əvəzinə kamera qarşısında rol oynayan bir şəxsə çevrilə bilər. Bu zaman spontanlıq azalır, emosiyalar süni şəkildə idarə olunur, “mən kiməm?” sualı zəifləyir və şəxsi sərhədlərin pozulması baş verir. Uşaq çox zaman paylaşım üçün razılıq vermir və ya bunun nə demək olduğunu tam anlamır. Bu isə gələcəkdə şəxsi sərhədləri qorumaqda çətinlik, öz bədəni və üzərində nəzarət hissinin azalması ilə nəticələnə bilər”.
Psixoloqun sözlərinə görə, sağlam yanaşma uşağın dəyərini görünüşdən yox, yaşına uyğun xüsusiyyətlərindən önə çıxarmaq və sosial medianı valideyn ehtiyacları üçün deyil, balanslı və məsuliyyətli istifadə etməkdir:
“Sağlam alternativlər nələr ola bilər? Bu, uşağın şəkillərinin paylaşılmasının tamamilə yanlış olduğu anlamına gəlmir. Əsas məsələ niyyət və balansdır. Daha sağlam yanaşma uşağın olduğu kimi təqdim olunmasıdır. Yəni, onun makiyaj videolarının tərifləndiyi və ya “çox gözəl görünürsən” kimi ifadələrin həddindən artıq işlədilməsinin əvəzinə, yaşına uyğun keyfiyyətlərin vurğulanması daha məqsədəuyğundur.
Sosial medianı valideynin ehtiyaclarını ödəmə vasitəsinə çevirməmək vacibdir. Doğrudur, uşaqların sosial mediadan istifadə etməsi tövsiyə olunmur, çünki onlar gördükləri hər şeyi öz həyatlarında tətbiq etməyə çalışırlar. Bunu edə bilmədikdə isə “mən kiməm?”, “dəyərim nədir?” kimi suallar yaranır. Uşaq öz dəyərini insanların verəcəyi şərh və bəyənmələrlə ölçməyə başlayır.
Bu səbəbdən valideynlər diqqətli olmalı, övladlarını nəzarətdə saxlamalı və onların emosional inkişafını düzgün istiqamətdə dəstəkləməlidirlər”.
Cəmilə Cəfərzadə






