“Kərkicahan tarix yazdı” - DEPUTAT
“30 il ərzində işğal altında qalmış və səssizliyə məhkum edilən Kərkicahan bu gün tarixə yeni bir səhifə yazdı. Bir zamanlar düşmən tapdağında olan bu qədim yurd yeri artıq beynəlxalq siyasətin diqqət mərkəzinə çevrilib. İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) 17-ci Zirvə Toplantısının burada keçirilməsi təkcə diplomatik tədbir deyil, həm də böyük siyasi mesajdır: Azərbaycan bu torpaqlarda öz suverenliyini tam bərpa edib və bölgədə yeni reallıqlar yaradıb”.
Bu fikirləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı səsləndirib.
Onun sözlərinə görə, bu Zirvə Görüşü Azərbaycanın gücünün, haqq savaşının və diplomatik qələbəsinin açıq təsdiqidir:
“Kərkicahanda baş tutan bu mühüm beynəlxalq tədbir bir daha göstərdi ki, Azərbaycan sülhün, əməkdaşlığın və inkişafın əsas ünvanıdır. EKO Zirvəsinin məhz burada təşkili onu da nümayiş etdirdi ki, bölgədə davamlı sülh, iqtisadi dirçəliş və təhlükəsiz həyat yalnız Azərbaycanla mümkündür.
Eyni zamanda, bu tədbir sübut etdi ki, Qarabağ təkcə keçmişimizin deyil, həm də gələcəyimizin rəmzidir. Qarabağda yaşıl iqtisadiyyat inkişaf edir, müasir infrastruktur qurulur, ekoloji balans qorunur, təhlükəsizlik təmin olunur və beynəlxalq əməkdaşlıq dərinləşir. Xankəndi dirçəlişin, inkişafın və tərəfdaşlığın simvoluna çevrilib”.
Millət vəkili qeyd edib ki, cənab Prezident İlham Əliyevin uzaqgörən və prinsipial liderliyi nəticəsində Azərbaycan regionda və beynəlxalq aləmdə söz sahibinə çevrilib:
“Xüsusilə postmünaqişə dövründə həyata keçirilən ardıcıl siyasət, quruculuq və reinteqrasiya tədbirləri, Kərkicahanda keçirilən Zirvə Görüşü bunun bariz nümunəsidir.
Azərbaycan yeni geosiyasi reallığın müəllifidir. Bu reallıq sülhə, təhlükəsizliyə, əməkdaşlığa və inkişafa əsaslanır. Kərkicahanın ev sahibliyi etdiyi bu möhtəşəm Zirvə Görüşü Azərbaycanın beynəlxalq nüfuzunun daha da artdığını və regionda liderlik mövqeyinin möhkəmləndiyini bir daha sübut etdi”.
Ləman Sərraf