media-inshot_20260312_184752316

İranın yeni ali lideri Müctəba Xamenei seçildikdən sonra ilk dəfə xalqa müraciət edib.

Patrul.az İran mediasına istinadən xəbər verir ki, Xamenei müharibə vəziyyəti davam edəcəyi təqdirdə düşmənin təcrübəsi olmayan cəbhələrin aktivləşdiriləcəyini bildirib.

“Əgər vəziyyət belə davam edərsə, düşmənin təcrübəsi olmayan cəbhələr aktivləşəcək”, – deyə yeni dini lider bildirib.

O, həmçinin ABŞ-yə məxsus qonşu Körfəz ölkələrində yerləşən hərbi bazaların İran tərəfindən vurulmasına da aydınlıq gətirib. Onun sözlərinə görə, həmin ərazilərdən hücumlar edildiyi üçün İran buna cavab verir:

“Bizə qonşu ölkələrdə yerləşən düşmən bazalarından hücumlar edilib və biz cavab verməyə məcburuq. Biz qonşu ölkələrlə dostluğa inanırıq, lakin oradakı Amerika bazalarını hədəf almağa davam etməyə məcburuq”.

Yeni Ali Lider açıqlamasında həmçinin  İranın törədilən cinayətlərin, xüsusən də Minab məktəbində baş verən qırğının qisasını almaqdan çəkinməyəcəyini vurğulayıb.

Müctəba Xamenei Amerika bazalarının yerləşdiyi ölkələrə də onları bağlamağa çağırıb:

“Region ölkələrinə Amerika bazalarını bağlamağı tövsiyə edirik. 15 ölkə ilə sərhədimiz var və biz həmişə onlarla konstruktiv münasibətlər qurmaq istəmişik, indi də istəyirik. Amerika bazalarının dərhal bağlanmasını tövsiyə edirik, çünki xalqımız orada öldürülüb. Region ölkələri təcavüzkarlar və xalqımızın qatilləri ilə bağlı mövqelərini müəyyən etməlidirlər. Bütün qonşu ölkələrlə dostluğa əsaslanan münasibətlər qurmağa tam hazırıq. Bütün düşmənlərin planlarını pozmaq üçün xalq bütün sahələrdə güclü şəkildə iştirak etməlidir”.

ABŞ-nin Hörmüz boğazının bağlanmasına qarşı çıxmasına baxmayaraq, Ali lider bu məsələ ilə bağlı İranın mövqeyini də açıqlayıb:

“Hörmüz boğazını bağlamaq üçün bütün imkanlardan istifadə edilməlidir. Düşmənin bütün zəif nöqtələrində tədbirlər görülməlidir. Qüvvələrimiz güclü zərbələri ilə düşmənin yolunu bağladı. Güclü zərbələrimiz düşmənin vətənimizi idarə etmək və bölmək illüziyasını darmadağın etdi.

Müqavimət Cəbhəsi İslam İnqilabının dəyərlərinin ayrılmaz hissəsidir. Müharibə vəziyyəti davam edərsə, düşmənin təcrübəsi olmayan cəbhələr aktivləşəcək. Müqavimət Cəbhəsinin döyüşçülərinə təşəkkür edirəm və Müqavimət Cəbhəsi ölkələrini ən yaxşı dostlarımız hesab edirik. Şəhidlərimizin qanının qisasını almaqdan çəkinməyəcəyik. Xalqımızdan hər bir şəhidin özünəməxsus qisası olacaq”.

Xatırladaq ki, Müctəba Xamenei İran Ekspertlər Assambleyası tərəfindən 9 mart 2026-cı ildə Ali dini lider elan edilib. O, ABŞ və İsrailin birgə hücumları nəticəsində öldürülən Ali dini lider Ayətullah Əli Xameneinin ikinci oğludur.

Gülbəniz Səfərova


Bənzər xəbərlər