media-inshot_20250714_232023988

Aparılan yeni tədqiqat bəzi insanlarda rast gəlinən beyin və kəllə forması uyğunsuzluqlarının, xüsusilə Chiari malformasiyası tip I (CM-I) adlı vəziyyətin Neandertal genlərinə bağlı ola biləcəyini ortaya çıxarıb.

Patrulaz.az “Yahoo”ya istinadla xəbər verir ki, Filippin Universitetindən osteoarxeoloq Kimberli Plompun rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu CM-I diaqnozu qoyulmuş və sağlam şəxslərə məxsus 103 müasir insan kəlləsini, həmçinin Neandertallar da daxil olmaqla 8 qədim homininin kəllə fosilini 3D modellərlə analiz edib.

Təhlillər göstərib ki, CM-I olan insanların kəllə quruluşu, xüsusilə beynin onurğa beyni ilə birləşdiyi bölgə yalnız Neandertallarla oxşarlıq göstərir. Qədim növlərdən Homo erectus və Homo heidelbergensisin kəllələri isə daha çox sağlam müasir insan kəllələrinə bənzəyir.

Tədqiqatçılar apardığı araşdırma ilə bağlı bildirib:

“Genetik izlərin yalnız Neandertallarda müşahidə olunması, Chiari malformasiyası ilə bu qədim insan növü arasında spesifik əlaqə olduğunu göstərir”.

Qeyd edək ki, CM-I insanlarda baş və boyun ağrılarından tutmuş daha ağır nevroloji problemlərə qədər müxtəlif simptomlara səbəb ola bilər və bu vəziyyətin hər 100 nəfərdən birində rast gəlindiyi düşünülür. 2013-cü ildə irəli sürülmüş daha geniş fərziyyəni yenidən nəzərdən keçirən alimlər, indi “Neandertal İntroqressiya Hipotezi”ni əsas tədqiqat xətti kimi ortaya qoyublar.

Qeyd edək ki, Chiari malformasiyası tip I (CM-I) beyincik toxumasının kəllə dibindən aşağıya, onurğa beyni kanalına doğru yer dəyişməsi ilə xarakterizə olunur. Bu vəziyyət baş ağrısı, başgicəllənmə və sinir pozuntuları kimi simptomlara səbəb ola bilər və bəzi hallarda cərrahi müdaxilə tələb olunur.


Bənzər xəbərlər