Netanyahudan gözlənilməz açıqlama: "Onların səyləri olmadan rejim devrilə bilməz"
ABŞ və İsrailin İrana başlatdığı müharibədən bəri ilk dəfə İsrailin baş naziri Benyamin Netanyahu mətbuat konfransı keçirib.
Patrul.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Netanyahu İran xalqına yenidən rejimi devirmək üçün müraciət edib. O, İranda azadlıq üçün yeni bir dövrün yaxınlaşdığını bildirib:
“Azadlığa doğru səyahətinizə başladığınız an getdikcə yaxınlaşır. Biz sizinləyik və sizi dəstəkləyəcəyik. Amma sonda qərar sizindir. Bu sizin əlinizdədir”.
Netanyahuya İrandakı müxalifət qüvvələrinin silahlandırılması ilə bağlı verilən sualı da inkar etməyib. Onun sözlərinə görə, İran xalqının dəstəyi olmadan rejimi devirmək mümkün deyil:
“Mən bunu inkar etmirəm. İran xalqının səyləri olmadan rejim devrilə bilməz və biz onları bu barədə məlumatlandırmışıq. Biz kömək yolunun olduğunu demişik”.
Baş nazir çıxışında İranı İsraili məhv etmək məqsədilə nüvə silahı hazırlamağa çalışmaqda da təqsirləndirib. O bildirib ki, İran raket və nüvə infrastrukturunu yeraltına köçürüb:
“Əgər biz tez hərəkət etməsəydik, İranın ölümcül sənayesi bir neçə ay ərzində hücumlara qarşı immunitet qazana bilərdi”.
Baş nazir ABŞ Prezidenti Donald Tramp ilə əlaqələrinə də toxunub. O, Tramp ilə yaxın əlaqələrinin olduğunu deyərək iki ölkə arasında görünməmiş bir ittifaq qurulduğunu bildirib.
Trampla hər gün danışdığını deyən Netanyahu, “Biz fikir mübadiləsi aparırıq və birlikdə qərarlar qəbul edirik” ifadəsini işlədib.
Sonda Netanyahu Yaxın Şərqi dəyişdirəcəklərini, İsrailin hər zamankindən daha güclü olacağını deyərək bildirib: “Düşmənlərimizi təqib edəcəyik və lazım gələrsə, onları dəfələrlə vuracağıq”.






