"Onlar günahsız insanları öldürüblər, indi mən onları məhv edirəm" - Tramp
“İranın donanması artıq məhv edilib, onların hava qüvvələri artıq yoxdur, raketləri, dronları və digər hərbi vasitələri darmadağın edilir, liderləri isə yer üzündən silinib”.
Patrul.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “X” sosial platformasında yazıb.
O, ABŞ haqqında müxtəlif məlumatlar yayan “New York Times” nəşrini də tənqid edib:
“Biz İranın terrorçu rejimini hərbi, iqtisadi və digər yollarla tamamilə məhv edirik. Lakin ‘New York Times’ kimi uğursuz mediaya baxsanız, yanlış olaraq düşünə bilərsiniz ki, biz qalib gəlmirik. Biz misilsiz hərbi gücə, tükənməz sursat ehtiyatına və kifayət qədər zamana malikik”.
Tramp daha sonra İranı illərdir günahsız insanları öldürməkdə günahlandıraraq, özünün də onları məhv etdiyini bildirib:
“Bu gün bu azğın cinayətkarların başına nə gələcəyini izləyin. Onlar 47 il ərzində dünyanın müxtəlif yerlərində günahsız insanları öldürüblər və indi mən, Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti olaraq, onları məhv edirəm. Bunu etmək böyük şərəfdir. Diqqətinizə görə təşəkkür edirəm”, – deyə o, əlavə edib.







