media-1745472707_transpl2-696x391

Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən verilən məlumata görə, 2025-ci ilin ilk 6 ayında ümumi 174 transplantasiya əməliyyatı icra edilib. əməliyyatlardan 47-si böyrək 30-u qaraciyər 16-sı sümük iliyi 81-i isə buynuz qişa transplantasiyasıdır. Xidmətlərdən 21-i uşaqlara, 153-ü böyüklərə aiddir.

Qurumdan bildirilib ki, müraciət edənlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur.

Bəs orqan donorluğu nədir? Necə həyata keçirilir?

Patrulaz.az-ın araşdırmasına görə, hər gün dünyada minlərlə insan orqan çatışmazlığı səbəbilə həyatla ölüm arasında mübarizə aparır. Müasir tibbin inkişafı ilə orqan köçürülməsi bu insanların yeganə ümidi olur. Amma bu ümidi gerçəyə çevirmək üçün bir şey lazımdır: donor. Bəs biz hazırıqmı həyatımızdan sonra kiminsə həyatını xilas etməyə?

Orqan donorluğu nədir və necə fəaliyyət göstərir?

media-f0682320172545044190317413810067628

Orqan donorluğu bir şəxsin (yaşayarkən və ya ölümündən sonra) öz orqanlarını ehtiyacı olan bir insana verməsi prosesidir. Əsasən aşağıdakı orqanlar və toxumalar köçürülə bilir:

– Böyrəklər

– Ürək

– Ağciyər

– Qaraciyər

– Mədəaltı vəzi

– Gözün buynuz qişası

– Dəri və sümük toxumaları

Orqanlar yaşayan donorlar və ya beyin ölümü keçirmiş şəxslər vasitəsilə əldə olunur. Beyin ölümü hüquqi və tibbi olaraq “ölüm” hesab edilir, bu səbəbdən həmin şəxsin razılığı varsa, orqanları istifadə edilə bilər.

Etik suallar: Kimin haqqı var?

media-aztibb-az_7-soru-ile-organ-nakli-hakkinda-bilmediklerinizi-ogrenin_20180910113812_353

 

Orqan donorluğu bəşəriyyət üçün xilas yolu olsa da, onu müşayiət edən etik suallar da az deyil:

Orqan satışı və alveri – bəzi ölkələrdə, o cümlədən Azərbaycanda bu qanunla qadağandır.

Razılıq prinsipi – bir şəxsin ölümündən sonra orqanları istifadə oluna bilərmi? Bu, yalnız onun əvvəlcədən verdiyi yazılı razılıq və ya ailəsinin icazəsi ilə mümkündür.

Dinlərin münasibəti – İslam dini daxil olmaqla bir çox dinlər, orqan donorluğunu həyat xilas edən savab əməl kimi qəbul edir. Amma bəzən adət və inamlar bu prosesə mənfi təsir göstərə bilir.

Tibbi tərəfləri və risklər

media-1946827522

 

Donor üçün:

Əgər donor canlıdırsa (məsələn, böyrəyini verirsə), bu, onun sağlamlığına bir qədər risk gətirə bilər. Lakin bu risklər tibbi baxımdan diqqətlə qiymətləndirilir.

Qəbul edən üçün:

Orqan köçürülməsi çox mürəkkəb cərrahi prosedurdur. Orqan rəddi (immun sistemin donor orqanı qəbul etməməsi) baş verə bilər.

Ömür boyu immunosupressiv (immun sistemini zəiflədən) dərmanlar qəbul edilməli olur.

Dünya praktikası və statistikalar

– ABŞ-da 2024-cü ilin sonunda 100 mindən çox insan orqan növbəsində idi.

– İspaniya dünyada ən yüksək orqan donoru faizi ilə lider ölkədir (40+ donor / milyon nəfər).

– İsrail, Fransa və Belçika kimi ölkələrdə “opt-out” sistemi tətbiq olunur – yəni hər bir vətəndaş donor sayılır, əgər yazılı şəkildə əksini bildirməyibsə.

Azərbaycanda vəziyyət: Qanunvericilik və reallıq

Azərbaycanda “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanun var. Bu qanuna görə:

– Orqan donorluğu yalnız rəsmi razılıq əsasında həyata keçirilə bilər.

– Orqan satışı qadağandır və cinayət məsuliyyəti daşıyır.

– Hələlik kütləvi donor bazası və ya “donor kartı” sistemi yoxdur, amma bu istiqamətdə işlər aparılır.

Niyə orqan donoru olmalıyıq?

media-2d476f58-5164-3a95-8d9f-84ebc5af08e1_850

1. Bir donor 8 nəfərin həyatını xilas edə bilər.

2. Orqanlar torpaqda çürüyür, amma bədəndə yaşaya bilər.

3. Bu, sonrakı nəsillərə ümid verməkdir.

4. Əbədi yaşamaq mümkün deyil, amma kiminsə həyatında iz qoymaq mümkündür.

Orqan donorluğu yalnız tibbi deyil, eyni zamanda mənəvi bir seçimdir. Sənin bir “bəli”nin, kiminsə anasına övladını, bir uşağa atasını, bir gəncə həyatını geri verə bilər.

Bu məsələyə maariflənmiş, vicdanlı və şüurlu yanaşmaq, həm fərdi, həm də cəmiyyət olaraq bizə düşən məsuliyyətdir.

Ləman Sərraf


Bənzər xəbərlər