media-inshot_20250715_131912787

Qarpız yay aylarının ən çox sevilən və tələbat görən meyvələrindən biridir. Soyuq, şirin və susuzluğu dərhal aradan qaldıran bu meyvə, təəssüf ki, yay mövsümündə zəhərlənmə hallarının da əsas səbəblərindən birinə çevrilə bilər. Xüsusilə, düzgün saxlanılmayan və gigiyenik olmayan şəraitdə kəsilən qarpızlar sağlamlıq üçün ciddi risk yaradır.

Patrulaz.az qarpızdan zəhərlənmə səbəblərini açıqlayır:

Çirkli şərait

media-inshot_20250715_131134448

Zəhərlənmənin əsas səbəblərindən biri qarpızın çirkli şəraitdə kəsilməsidir. Küçələrdə, bazarlarda və açıq hava şəraitində satılan qarpızlar çox zaman torpaqla təmasda olmuş, yuyulmamış və eyni bıçaqla kəsilən meyvələr arasında olur. Bu zaman qarpızın qabığında olan mikroblar, kəsik vasitəsilə içərisinə keçir və orada sürətlə çoxalaraq zəhərlənməyə səbəb ola bilir.

Nitrat çoxluğu 

media-inshot_20250715_131354135

Digər ciddi təhlükə isə süni şəkildə tez yetişdirilən, yəni normadan artıq nitrat istifadə edilən qarpızlardır. Bu cür qarpızlar görünüşcə normal və hətta cazibədar ola bilər, lakin içərisindəki kimyəvi maddələr orqanizmdə parçalanaraq zəhərli birləşmələrə çevrilir. Bu, xüsusilə uşaqlar və yaşlılar üçün təhlükəlidir.

Kəsildikdən sonra uzun müddət açıq havada qalması

media-inshot_20250715_131544628

Yayda açıq havada saxlanılan və ya maşında uzun müddət qalan qarpızlar da risklidir. Günəşin təsirindən qarpızın içindəki şəkərlər qıcqırır və bu, görünməsə də, bakteriyaların sürətlə artması üçün əlverişli şərait yaradır. Kəsilmiş qarpız 1-2 saat otaq temperaturunda saxlandıqdan sonra sürətlə bakteriya yuvasına çevrilə bilər. Bu zaman salmonella, E. coli və Listeria kimi zərərli mikroorqanizmlər qarpızın içində çoxalaraq insan sağlamlığını təhdid edir.

Zəhərlənmənin əlamətləri nələrdir?

media-inshot_20250715_131819983

Qarpızdan zəhərlənmə hallarında adətən 2–6 saat içində qusma, qarın ağrısı, ishal, bəzən isə hərarət və halsızlıq əlamətləri müşahidə olunur. Belə hallarda dərhal tibbi yardıma müraciət etmək tövsiyə edilir.

Bu risklərin qarşısını almaq üçün bir neçə sadə qaydaya əməl etmək kifayətdir:

-Qarpızı kəsməzdən əvvəl yaxşıca yuyun.

-Küçədə və ya bazarda artıq kəsilmiş qarpız qətiyyən alınmamalıdır.

-Kəsilmiş qarpız soyuducuda saxlanmalı və bir gün ərzində istehlak edilməlidir.

-Əgər qarpızdan qəribə, qıcqırmış və ya çox şirin qoxu gəlirsə, ondan istifadə etməyin.

-Qarpızın rəngi süni dərəcədə parlaq və qeyri-təbii qırmızı görünürsə, ehtiyatlı olun – bu, nitrat və ya boyadan xəbər verə bilər.

Unutmayaq ki, qarpız nə qədər ləzzətli və sərinləşdirici olsa da, diqqətsizlik və ehtiyatsızlıq ciddi sağlamlıq fəsadlarına səbəb ola bilər. Yayın dadını çıxarmaq üçün zövqünüzə deyil, həm də sağlamlığınıza qulaq asın.

Ləman Sərraf


Bənzər xəbərlər