media-inshot_20260716_165520969

Burada dincəlmək və ya nahar etmək istəyərkən fərqinə varmadan başqa birinin telefon kamerasına düşmək artıq nadir hal deyil. Bəzən isə insanların şəxsi söhbətləri gizli şəkildə səsə və ya videoya yazılaraq sosial şəbəkələrdə paylaşılır. Belə halların artması şəxsi həyatın toxunulmazlığı ilə bağlı hüquqi sualları da gündəmə gətirir. Restoranda və ya kafedə başqasının söhbətini gizli şəkildə yazıb sosial şəbəkədə paylaşmaq hansı hüquqi məsuliyyət yaradır?

Bu barədə Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, Konstitusiyaya əsasən, şəxsin razılığı və ya xəbəri olmadan onun izlənilməsi, görüntü və səsinin qeydə alınması yolverilməzdir:

“Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ təsbit edilib və öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci – şəxsi toxunulmazlıq hüququnu müəyyən edən maddəsində təsbit edilib.
Həmçinin bu maddənin tələbinə görə, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
İş yerlərində, ofisdə və s. yerlərdə təhlükəsizlik kameralarının quraşdırılması zamanı da bu barədə işçilər xəbərdarlıq edilməlidir”.

media-img-20260716-wa0047

R.Əliyev qeyd edir ki, Ali Məhkəmənin hüquqi mövqeyinə əsasən, çoxmənzilli binalarda quraşdırılan müşahidə kamerası qonşuların razılığı olmadan onların mənzil girişini və hərəkətlərini qeydə ala bilməz:

“Hətta Azərbaycan Respublikasının Ali Məhkəməsi çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının quraşdırılması ilə bağlı da mühüm hüquqi mövqe formalaşdırıb.
Həmin qərarda qeyd edilirdi ki, hər bir şəxs öz mənzilinin və əmlakının təhlükəsizliyini təmin etmək üçün müşahidə kamerası quraşdıra bilər. Ancaq bu hüququn həyata keçirilməsi digər şəxslərin şəxsi həyatına qanunsuz müdaxilə təşkil etməməlidir. Ali Məhkəmənin hüquqi mövqeyinə görə, çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan dəhlizini və ya digər mənzillərin giriş hissələrini əhatə edən müşahidə kamerası yalnız həmin dəhlizə çıxan qonşuların razılığı olduqda quraşdırıla bilər. Əgər belə razılıq yoxdursa, təhlükəsizlik məqsədilə quraşdırılan kameranın görüntü bucağı yalnız onu quraşdıran şəxsin mənzilinin giriş hissəsini əhatə etməlidir. Kamera dəhlizi, liftin qarşısını, digər qonşuların mənzillərinin girişini, onların mənzilə giriş-çıxışını və ya təsvirini davamlı şəkildə qeydə almamalıdır. Kameranın görüntü dairəsi zəruri həddi aşaraq qonşuların mənzillərini və onların hərəkətlərini əhatə edərsə, bu, artıq Konstitusiya ilə qorunan şəxsi həyata müdaxilə sayılır”.

Vəkilin sözlərinə görə, Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, bu hüquq pozuntusuna görə 1000–2000 manat cərimə nəzərdə tutulur:

“Təhlükısizlik kameralarının götüntülərdən və ya səs yazılarından qanunsuz formada istifadə edilməsi , yayılması və s. hallar şəxsi həyat toxunulmazlığının pozulması hesab edilir ki, buna görə də cinayət məsuliyyəti nəzərdə tutulub.
Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması, başqasına verilməsi qanunsuz toplanılmasına yol verən şəxslər 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, yaxud məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə isə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər