Ticarət mərkəzində uzunlüləli silahlarla soyğun: Milyonlarla pulu belə götürüb qaçdılar
İstanbulun Bahçelievler rayonunda yerləşən Türkiyənin ən böyük zərgərlik istehsalı və ticarəti mərkəzlərindən biri olan Kuyumcukentdə silahlı soyğun baş verib.
Patrul.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə martın 9-u, bazar ertəsi saat 07:22 radələrində Kuyumcukent ticarət mərkəzinin qapalı dayanacaq hissəsində baş verib.
Məlumata görə, qapalı dayanacağa iki avtomobillə daxil olan maskalı 7 nəfər silahlı şəkildə əməliyyata başlayıb.
Uzun lüləli silahlarla silahlanan şəxslər qısa müddət ərzində içərisində təxminən 20 milyon lirə olduğu bildirilən pul kisəsini ələ keçirərək kommersiya tipli nəqliyyat vasitəsinə yükləyiblər və hadisə yerindən uzaqlaşıblar.
Soyğun anı ticarət mərkəzinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Kadrlarda şübhəlilərin sürətli və planlı şəkildə hərəkət etdiyi, silahlarla ətrafı nəzarətdə saxladıqları görünür.
Hadisədən sonra polis əməkdaşları genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinə başlayıb.
Aparılan əməliyyat nəticəsində şübhəlilərdən birinin saxlanıldığı bildirilir. Hazırda hüquq-mühafizə orqanları qaçan digər şəxslərin kimliyinin müəyyən edilməsi və saxlanılması istiqamətində tədbirləri davam etdirir.
Faktla bağlı araşdırma aparılır.






