Yaxın Şərqdəki müharibə dünyanı böyük enerji böhranına sürükləyə bilər - KİV
İran ətrafında baş verən müharibə 1970-ci illərdən bəri ən böyük enerji böhranına səbəb ola bilər.
Patrul.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Bildirilib ki, əsas səbəb Hörmüz boğazının bağlanması ehtimalıdır. Bu boğaz vasitəsilə Fars körfəzi ölkələrindən çıxarılan neftin böyük hissəsi daşınır. Əgər nəql bərpa olunmasa, dünya qlobal neft tədarükünün təxminən 10 faizini itirə bilər.
Məlumata görə, artıq regionun bəzi ölkələri hasilatı azaltmağa başlayıb. Buna səbəb hasil olunan neftin saxlanması üçün kifayət qədər yerin olmaması və alıcılara göndərilməsinin çətinləşməsidir.
Qeyd olunur ki, əvvəlcə bazar vəziyyətə nisbətən sakit reaksiya verib. Lakin daha sonra neft qiymətləri kəskin şəkildə artmağa başlayıb.
Xüsusilə Asiya və Avropa ölkələri daha həssas vəziyyətdədir. Çünki bir çox dövlət neftin əsas hissəsini məhz Yaxın Şərqdən alır. Məsələn, Yaponiya neft idxalının təxminən 95 faizini bu regiondan təmin edir.
Ekspertlərin fikrincə, böhran uzun sürərsə, bu, dünyada inflyasiyanın yenidən artmasına və qlobal iqtisadiyyata ciddi zərbə vurmasına səbəb ola bilər.







