ABŞ-də qida festivalı qan gölünə döndü: Ölənlər və yaralananlar var
ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində keçirilən məşhur “Bite of Seattle” qida festivalı qanlı insidentlə yadda qalıb.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Sietl şəhərinin mərkəzində, Space Needle qülləsinin yaxınlığında yerləşən Seattle Center ərazisində, yerli vaxtla saat 18:00 radələrində baş verib.
Hər il yüz minlərlə insanın qatıldığı festival qəfil eşidilən silah səsləri ilə xaosa çevrilib. Şahidlərin sözlərinə görə, tədbirin ən izdihamlı vaxtında ardıcıl 7-8 atəş səsi eşidilib. İlk anlarda səsləri atəşfəşanlıq zənn edən insanlar az sonra “Atıcı var!” qışqırıqları ilə təşvişə düşərək ərazidən qaçmağa başlayıblar. İzdiham zamanı insanların bir-birini tapdaladığı, uşaq arabalarının aşdığı və böyük panikanın yaşandığı bildirilib.
Məlumata görə, silahlı hücum nəticəsində iki nəfər hadisə yerində həyatını itirib. Atışma zamanı daha beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəstəxanaya çatdırılan 56 yaşlı qadın güllə yarası ilə əməliyyat olunub və vəziyyəti ağır qiymətləndirilir. İki yaşlı uşaq və digər yaralıların vəziyyətinin qənaətbəxş olduğu, onların müalicəsinin davam etdiyi bildirilib.
Hadisədən sonra təhlükəsizlik məqsədilə minlərlə insanın olduğu festival ərazisi tamamilə boşaldılıb, ətraf küçə və yollar polis tərəfindən bağlanıb.
Polis insidentlə bağlı genişmiqyaslı araşdırmaya başlayıb. Hücumda şübhəli bilinən şəxs saxlanılıb və istintaq davam etdirilir.






