Adları tez-tez unudanların NƏZƏRİNƏ! Bu, xəstəlikdir, yoxsa... - Alimlərdən AÇIQLAMA
Yeni tanış olduğumuz insanın simasını illərlə xatırladığımız halda, adını cəmi bir neçə dəqiqə sonra unutduğumuz hallar demək olar ki, hər kəsin başına gəlib. Maraqlıdır ki, bu, həmişə zəif yaddaşın əlaməti deyil. Psixoloqlar və neyroalimlər bildirirlər ki, insan adlarını yadda saxlamaq beynin ən çətin yerinə yetirdiyi yaddaş proseslərindən biridir.
Patrul.az-ın araşdırmasına görə, insan beyni məlumatları onların mənası və əlaqələri əsasında daha asan yadda saxlayır. Məsələn, “həkim”, “müəllim”, “aşpaz” kimi sözlər müəyyən peşəni, “alma” və ya “kitab” kimi sözlər isə konkret əşyanı ifadə etdiyindən beyində müxtəlif assosiasiyalar yaradır. Şəxsi adlar isə əksər hallarda heç bir məna yükü daşımır. “Aysel”, “Murad” və ya “Elvin” adları həmin şəxsi tanıtmaqdan başqa əlavə informasiya vermədiyi üçün beynin onları yadda saxlaması daha çətin olur.
Kanadadakı York Universiteti və digər elmi mərkəzlərin apardığı tədqiqatlar göstərir ki, üzləri tanımaq və adları xatırlamaq beynin müxtəlif sistemləri tərəfindən idarə olunur. İnsan üzü sosial baxımdan mühüm informasiya hesab edildiyi üçün beyin onu daha sürətli emal edir. Ad isə sonradan əlavə olunan məlumat olduğundan, yaddaşda möhkəmlənməsi daha çox diqqət və təkrara ehtiyac duyur.
Mütəxəssislər bildirirlər ki, insanların adları unutmasının ən əsas səbəblərindən biri diqqətin kifayət qədər cəmlənməməsidir. Tanışlıq zamanı insan çox vaxt qarşı tərəfin görünüşünə, geyiminə, davranışına və ya söhbətin necə keçəcəyinə fokuslanır. Bu zaman ad sadəcə eşidilir, lakin beyində uzunmüddətli yaddaşa köçəcək qədər emal olunmur. Nəticədə bir neçə dəqiqə sonra həmin şəxsin siması xatırlansa da, adı unudulur.
Stress və həyəcan da bu prosesə ciddi təsir göstərir. Xüsusilə iş müsahibəsi, rəsmi görüş və ya yeni kollektivə qoşulmaq kimi vəziyyətlərdə beynin diqqəti emosional gərginliyə yönəldiyi üçün yeni məlumatların yadda saxlanılması çətinləşir. Psixoloqlar qeyd edirlər ki, bu hallarda adların unudulması tamamilə normaldır və yaddaş pozuntusu kimi qiymətləndirilməməlidir.
Yaş amili də müəyyən rol oynayır. Yaş artdıqca beynin yeni məlumatları kodlaşdırma sürəti müəyyən qədər zəifləyə bilər. Bununla belə, alimlər vurğulayırlar ki, sağlam yaşlanma prosesində adları unutmaq təkbaşına demensiya və ya Alzheimer xəstəliyinin göstəricisi sayılmır. Narahatlıq doğuran hal yalnız yaddaş problemlərinin gündəlik həyatı əhəmiyyətli dərəcədə çətinləşdirdiyi və digər idrak pozuntuları ilə birlikdə müşahidə edildiyi zaman hesab olunur.
Əlbəttə ki, adları yadda saxlamaq bacarığını inkişaf etdirmək mümkündür. Psixoloqlar tanışlıq zamanı adı söhbət ərzində bir neçə dəfə işlətməyi, onu həmin şəxsin siması və ya xarakterik xüsusiyyəti ilə əlaqələndirməyi, mümkün olduqda adın mənası və ya tanış bir insanla assosiasiya qurmağı tövsiyə edirlər. Bu üsullar beynin yeni informasiyanı daha güclü şəkildə kodlaşdırmasına kömək edir.
Mütəxəssislərin fikrincə, insanların adlarını unutmaq çox vaxt zəif yaddaşdan deyil, beynin məlumatı emal etmə xüsusiyyətindən qaynaqlanır. İnsan beyni simaları, hadisələri və emosional təcrübələri adlardan daha asan yadda saxlayır. Buna görə də yeni tanış olduğunuz şəxsin adını dərhal xatırlamamağınız əksər hallarda narahatlıq doğuran hal deyil. Diqqəti bir qədər artırmaq və sadə yaddaş üsullarından istifadə etmək isə bu problemi əhəmiyyətli dərəcədə azalda bilər.
Ləman Sərraf






