media-752x395-abd-iran-savasinda-yeni-cephe-mi-tahrandan-ukraynaya-rest-cevapsiz-kalmayacak-1785086838487

İran və Ukrayna arasında diplomatik gərginlik daha da artıb.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna ordusunun Xəzər dənizində İrana məxsus ticarət gəmisinə etdiyi hücum nəticəsində bir dənizçinin həlak olmasından sonra İranın xarici işlər naziri Abbas Əraqçi sərt bəyanatla çıxış edib.

O, hadisəni BMT Nizamnaməsinin pozulması kimi qiymətləndirərək bildirib ki, “Kiyevdəki rejimin bu hərəkəti cavabsız qalmayacaq”.

Hadisədən sonra Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Diplomatik gərginliyin artdığı bir vaxtda İran Parlamenti sədrinin müavini Əli Nikzad da Ukraynanın addımını “ağılsız hərəkət” adlandırıb.

“İran hər zaman özünümüdafiə hüququndan istifadə edəcək. Ölkəmizə qarşı hücumların mənbəyi silahlı qüvvələrimizin qanuni hədəfi olacaq. Ukraynanın bu ağılsız hərəkəti cavabsız qalmayacaq”, – deyə Nikzad bildirib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bir gün əvvəl Xəzər dənizində İranla əlaqəli hərbi təchizat daşıdığı iddia edilən gəmilərin və bir döyüş gəmisinin uzaqmənzilli hücumlara məruz qaldığını açıqlamışdı. Ukrayna kəşfiyyatı isə hədəfə alınan gəmilərin beynəlxalq sanksiyalar altında olduğunu və İranla Rusiya arasında hərbi yüklərin daşınması üçün istifadə edildiyini iddia edib.

Lakin İran hücuma məruz qalan gəminin hərbi deyil, ticarət gəmisi olduğunu bildirib. Tehranın açıqlamasına görə, 25 iyul 2026-cı il tarixində, yerli vaxtla saat 03:00-da Xəzər dənizində baş verən hücum nəticəsində gəmidə güclü partlayış olub. Hadisə zamanı bir dənizçi həlak olub, daha üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər